Əfsanəvi aktyorun vəsiyyətinin olmadığı məlum oldu

Türkiyə kinosunun əfsanəvi simalarından olan Kadir İnanır uzun müddətdir ağciyər xərçəngindən müalicə aldığı xəstəxanada 77 yaşında vəfat edib.
Sənətkarın qardaşı oğlu onun hər hansı bir vəsiyyətinin olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib.
Sfera.az xəbər verir ki, ağciyər xərçənginin son mərhələsindən müalicə alan sənətkar tənəffüs çatışmazlığı, sətəlcəm və bunlara bağlı inkişaf edən çoxlu orqan çatışmazlığı səbəbindən 26 iyun 2026-cı il tarixində, saat 18:05-də həyata gözlərini yumub.
Xəstəxanadan verilən rəsmi açıqlamada bildirilib ki, sənətçi bu ilin 13 may tarixindən etibarən tənəffüs çətinliyi səbəbindən nəzarətə götürülüb, mayın 14-də reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırlaşaraq süni tənəffüs aparatına qoşulub.
Ailə adından danışan sənətkarın qardaşı oğlu Levent İnanır aktyorun xəstəlik müddətində böyük mübarizə apardığını qeyd edib:
“Uzun müddətdir ciddi sağlamlıq problemləri ilə mübarizə aparırdı. Çox yoruldu, amma sona qədər dirəndi. Onu tanıyan-tanımayan hər kəs dua etdi".
Ailəyə ünvanlanan "Vəsiyyəti var idi?" sualına cavab verən Levent İnanır:
“Xüsusi bir istəyi yox idi. Biz onu özünə yaraşan şəkildə son mənzilə yola salacağıq",- deyərək sənətkarın heç bir vəsiyyət qoymadığını bildirib.
Usta aktyor üçün 28 iyun, bazar günü saat 13:00-da Harbiye Muhsin Ertuğrul Səhnəsində vida mərasimi keçiriləcək. Daha sonra, ikindi namazının ardınca Levent Barbaros Heyrəddin Məscidində cənazə namazı qılınacaq.
Bəsti Rəfizadə
