"Yaşasaydı 50 yaşı olacaqdı" - Dostları Cabir İmanovu yad etdilər - FOTO

"Yaşasaydı 50 yaşı olacaqdı" - Dostları Cabir İmanovu yad etdilər - FOTO
Kateqoriya məlum deyil
T

"Parni iz Baku" KVN komandasının üzvü, Əməkdar artist Cabir İmanovun 50 illik yubileyi dostları və sənət yoldaşları tərəfindən kədərli paylaşımlarla yad edilib.

Sfera.az xəbər verir ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. O, iqtisadçı və hüquqşünas ixtisaslarına yiyələnib, uzun illər Daxili İşlər Nazirliyində xidmət edərək polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib. 1992-2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü kimi çıxış edib və komanda ilə birgə KVN çempionu, Yay Kubokunun qalibi və "Əsrin Çempionu" adını qazanıb. 2001-ci ildən isə "Planet Parni iz Baku" KVN

Teatrında aktyor kimi fəaliyyətini davam etdirib. O, 2015-ci ildə Əməkdar artist fəxri adına, 2021-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb. Cabir İmanov 2025-ci il 29 sentyabrda 49 yaşında ürəktutmasından vəfat edib.

Onun 50 illiyi münasibətilə sənət dostları sosial şəbəkələrdə duyğusal mesajlar paylaşıblar.

Xalq artisti Murad Dadaşov mərhumla bağlı paylaşımında yazıb: "Ürəyim Cabir. Cabirsizliyin ilk acı ili".

Əməkdar artist Abbas Bağırov da illər əvvəl Cabir İmanovla çəkilmiş görüntülərini paylaşaraq onu belə xatırlayıb:



"Bu gün mənim çox əziz dostumun, heç vaxt unutmayacağım, qəlbimdə daim yaşayacaq bir insanın, Cabir İmanovun 50 illik yubiley günüdür.

Kaş ki, bu günü onunla birlikdə qeyd edə biləydik... Kaş ki, bu gün onun qarşısında dayanıb ad gününü şəxsən təbrik edə biləydim. Amma həyatın yazdığı tale fərqli oldu...

Cabirlə tanış olduğum gündən bu yana artıq 30 ilə yaxın bir zaman keçir. Bu, heç də az müddət deyil. Bu illər ərzində onunla bağlı o qədər gözəl xatirələrim var ki, onları danışmaqla bitirmək mümkün deyil.

"Məhəllə" filminin çəkilişinə dəvət alanda Cabirin o qədər səmimi, o qədər pozitiv və enerji dolu yanaşması oldu ki, heç düşünmədən həmin təklifi qəbul etdim. Və yaxşı ki, etdim. Çünki o gündən sonra mən Cabir İmanovu daha yaxından tanımağa başladım. Onun dostluğa sədaqəti, vəfası, insanlara olan diqqəti, hörməti və sevgisi sözlə ifadə olunacaq qədər sadə deyildi. O, dostluğun nə olduğunu öz davranışları ilə göstərən insanlardan idi. Onun haqqında saatlarla danışmaq olar, amma yenə də deyiləcək sözlər bitməz.

Bəzən düşünürəm ki, Cabirin mənfi xüsusiyyəti nə idi? Və hər dəfə eyni cavabı tapıram: onun mənfi xüsusiyyəti yox idi. Çünki o, daxilən gözəl, ürəyi təmiz, insanlara sevgisi sonsuz olan bir insan idi.Onunla yol yoldaşı olmaq böyük xoşbəxtlik idi. İnsan onunla kilometrlərlə yol getməkdən yorulmazdı. Onu tanıyan da, tanımayan da bir dəfə görüşəndən sonra onu yenidən görmək istəyərdi. Çünki Cabir İmanov insanın qəlbində iz qoymağı bacaran nadir insanlardan idi. Təəssüf ki, bu gün o, aramızda deyil. Amma belə insanlar heç vaxt unudulmurlar. Onlar fiziki olaraq bu dünyadan köçsələr də, xatirələrdə, qəlblərdə və dualarda yaşamağa davam edirlər.

Bu gün sənin 50 illik yubileyindir. Bu yubiley sənsiz qeyd olunur. Amma bil ki, sən bizim üçün həmişə yaşayacaqsan. Sənin dostluğun, xatirələrin, gülüşün və gözəl ürəyin daim bizimlə olacaq.

Ruhun şad olsun, əziz dostum. Səni sevənlərin qəlbində həmişə yaşayacaqsan".

Qeyd edək ki, Cabir İmanov ötən il ürəktutmasından vəfat edib.\\milli.az

PAYLAŞ