Uğursuz burun əməliyyatı toy xəyallarını məhv etdi

Toy hazırlıqları əksər insanlar üçün həyatın ən xoşbəxt dövrlərindən biri kimi görülsə də, estetik müdaxilə bəzən bu prosesi gözlənilməz bir travmaya çevirə bilər. ABŞ-da yaşayan bir qadın, toyundan əvvəl keçirdiyi burun əməliyyatından sonra görünüşün kəskin şəkildə dəyişdiyini və özünü cizgi filmi personajına bənzədiyini deyir.
Sfera.az bildirir ki, ABŞ-ın Texas ştatında yaşayan Holli adlı bir qadın, uğursuz rinoplastika əməliyyatından sonra görünüşünün tamamilə dəyişdiyini söyləyərək təcrübəsini bölüşüb.
Holli burnunun ucu həddindən artıq sivri olduğundan və burun quruluşunun çökdüyündən özünü cizgi filmi personajı kimi hiss etdiyini deyir.
Hyustonda yaşayan Holli, uşaqlıqda burnuna dəydikdən sonra struktur probleminin yarandığını və bu vəziyyətin illər keçdikcə daha da gücləndiyini bildirir. Yeniyetməlik dövründə burnunun əyriliyini görən Holli, toyuna hazırlaşarkən 32 yaşında əməliyyat etdirmək qərarına gəlib. Lakin əməliyyat gözlədiyi nəticəni verməyib.
Holli məyusluğunu bu sözlərlə bildirir:
"Burnumun ucu sanki kimsə tərəfindən sıxılmışdı. Ucu o qədər sivri idi ki, kiminsə gözünə girəcək kimi görünürdü. Toyum həyatımın ən xoşbəxt günü olmalı idi, amma həmin cərrah onu məndən aldı." O, əlavə edib ki, bu səbəbdən toyunda yaxından çəkilən şəkillərdən çəkinib.
Yaşadığı travmadan sonra Holli məşhur plastik cərrahların iştirak etdiyi Botched proqramına müraciət edib. Proqramla bağlı ilkin qiymətləndirmədə cərrahlar onun burun dəliklərindən birinin çökdüyünü və quruluşunun ciddi şəkildə zədələndiyini bildiriblər. Hollinin burnunun qığırdaq quruluşunu çıxarmaqla tamamilə yenidən formalaşdırılması lazım gəlib.
Çətin reviziya əməliyyatının nəticəsi Holli üçün dönüş nöqtəsi olub.
Əməliyyatdan sonrakı hisslərini bölüşən Holli:
"Bu gün mənim üçün qurtuluş günüdür. Özümü yenidən gözəl hiss edirəm”-deyib.
O, həmçinin bu dəyişiklikdən sonra toy şəkillərini yenidən çəkdirməyə qərar verdiyini və nəhayət özünü "həqiqətən gəlin kimi" hiss etdiyini bildirib.
Aynil




