Məşhur müğənni səhnədə yıxıldı - VİDEO

Dünyaca məşhur kolumbiyalı pop ulduzu Şakira “Las Mujeres Ya No Lloran Dünya Turu” çərçivəsində El Salvadorun paytaxtı San Salvadorda verdiyi konsert zamanı səhnədə yıxılıb.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, hadisə sənətçinin hit mahnısı “Si Te Vas”ı ifa edərkən baş verib. 49 yaşlı müğənni mahnı oxuduğu anda qəfildən topuğunu bükərək tarazlığını itirib, dirsəyi üstə yıxılıb və mikrofon dayağını aşıb. Bu an tamaşaçılar arasında qısa müddətli təəccüb yaradıb. Şahidlərin sözlərinə görə, Şakira səhnənin kənarına doğru yıxılsa da, tez bir zamanda özünə gəlib və çıxışını dayandırmadan davam etdirib.
Onun bu davranışı həm tamaşaçılar, həm də səhnədəki qrupu tərəfindən alqışlarla qarşılanıb. Qəzadan sonra Şakira sosial media hesabında pərəstişkarlarına müraciət edərək hadisəni zarafatla şərh edib. İspan dilində paylaşdığı videoda o, “Narahat olmayın, sanki rezinəm, haha” sözlərini yazıb.
Fidan Hacızadə
Sfera.az
