“Nissan” iki məşhur modelinin istehsalını dayandırır

“Nissan” iki məşhur modelinin istehsalını dayandırır
Kateqoriya məlum deyil
T

“Nissan” qlobal satış strategiyası çərçivəsində əfsanəvi sedan modeli “Altima” və “Rogue Plug-In Hybrid” modelinin istehsalını dayandıracağını təsdiqləyib.

Sfera.az xəbər verir ki, şirkət məhsul çeşidini sadələşdirmək və satış göstəriciləri zəif olan modelləri istehsaldan çıxarmaq strategiyasını davam etdirir.

Bu qərar çərçivəsində ABŞ bazarında gözlənilən marağı görməyən “Altima” və “Rogue Plug-In Hybrid” modellərinin istehsalı yaxın zamanda tamamilə dayandırılacaq.

“Nissan”ın Amerika üzrə Məhsul və Planlaşdırma departamentinin rəhbəri Ponz Pandikutira bildirib ki, şirkət sedan seqmentindəki tələbatı bundan sonra tamamilə Sentra modeli vasitəsilə qarşılamağı planlaşdırır.

Qeyd edək ki, 2019-cu ildə 200 mindən çox satılan “Altima” modelinin satışları son illərdə kəskin azalıb. Belə ki, cari ilin ilk yarısında model üzrə satış həcmi təxminən 42 min ədədə düşüb.

İstehsalı dayandırılan digər model olan “Rogue Plug-In Hybrid” isə keçid dövründəki missiyasını tamamlayaraq yerini yeni “Rogue e-Power” modelinə verəcək. Şirkətin məlumatına görə, yeni krossover yüksək yanacaq qənaəti və münasib qiyməti ilə alıcıların diqqətini cəlb etməyi hədəfləyib.

Bununla yanaşı, “Nissan” gələcək planları çərçivəsində “Frontier” və “Xterra” modellərinin yenilənmiş şassi üzərində hazırlanan yeni versiyalarını bazara çıxarmağa hazırlaşır.

Şirkət həmçinin “Nissan” və premium markası “Infiniti” üçün həm daxiliyanma mühərrikli, həm də hibrid güc aqreqatları ilə təchiz olunacaq yeni üç cərgəli SUV modellərinin hazırlanması üzərində işləyir.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ