“Apple” “iPhone 17” ilə bağlı qərar verdi

“Apple” artan avadanlıq və komponent xərcləri səbəbindən əsas “iPhone 17” modelinin istehsalını əhəmiyyətli dərəcədə azaltmaq qərarı verib.
Sfera.az xəbər verir ki, texnologiya nəhəngi istehlak elektronikası bazarında sürətlə yüksələn hissə qiymətlərinin yaratdığı maliyyə yükünü azaltmaq üçün əsas “iPhone 17” modelinin bəzi istehsal xətlərində gücü təxminən 33 faiz azaldıb.
Məlumata görə, şirkət daha əvvəl həmin istehsal xətlərində fəaliyyət tempini 15 faiz aşağı salmağı planlaşdırsa da, sonradan bu məhdudiyyət daha da sərtləşdirilib.
Bildirilib ki, ABŞ bazarında başlanğıc qiyməti 799 dollar olan əsas “iPhone 17” modelinin mənfəət marjası aşağı olduğundan “Apple” istehsalı azaltmaqla xərcləri optimallaşdırmağa çalışır.
İstehsalın azaldılmasının əsas səbəblərindən biri 12 GB LPDDR5X yaddaş modullarının qiymətinin ilin əvvəlindən etibarən sürətlə bahalaşaraq təxminən 145 dollara çatmasıdır.
Bundan əlavə, 256 GB NAND yaddaş modulunun müqavilə qiymətinin də cari ilin üçüncü rübündə 51 dollara yüksələcəyi gözlənilir.
Qeyd edək ki, bu addım “Apple”ın artan istehsal xərcləri fonunda gəlirliliyini qorumaq və mənfəət marjasını sabit saxlamaq məqsədi daşıyır.
Bəsti Rəfizadə
