Azərbaycanda avtomobillərin təmirinə yüzmilyonlar xərclənir - RƏQƏMLƏR

Azərbaycan əhalisinin məişət xərcləri arasında ən böyük paya nəqliyyat vasitələrinin təmiri və texniki xidmət xərcləri sahibdir.
Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ildə əhali məişət xidmətlərinə 1,675 milyard manat xərcləyib.
Bu qədər xərcin 745 milyon manatı, yəni 44,4 faizi nəqliyyat vasitələrinin təmiri və texniki xidmət xərclərindən ibarət olub. Yalnız bir ildə bu xərclərdə 115 milyon manat (18,25 faiz) artım baş verib.
Son 5 ildə bu xərclərdə artım daha böyük olub. 2021-2025-ci ilərdə nəqliyyat vasitələrinin təmiri və texniki xidmət xərcləri təxminən iki dəfə artıb. Beş il əvvəl əhali nəqliyyat vasitələrinin təmiri və texniki xidmətlərə 378 milyon manat xərcləmişdi.
2025-ci ildə əhalinin bir nəfərinə düşən nəqliyyat vasitələrinin təmiri və texniki xidmət xərcləri isə illik 73 manat olub. Dördnəfərlik bir ailənin nəqliyyat vasitələrinin təmirinə xərclədiyi vəsait 292 manat təşkil edib.
Azərbaycanda nəqliyyat vasitələrinin təmiri və texniki xidmət xərclərinin sürətlə artmasını avtomobillərin sayının artması, ehtiyat hissələrinin bahalaşması və avtomobil parkının köhnə olması ilə əlaqələndirmək olar.
Vasif
