Qızıl ucuzlaşır: 2011-ci ilin böyük eniş ssenarisi təkrarlanacaq?

Qızıl ucuzlaşır: 2011-ci ilin böyük eniş ssenarisi təkrarlanacaq?
Kateqoriya məlum deyil
T

2026-cı ilin fevralında bir troya unsiyasının qiyməti 5300 dollara çatan qızılın dəyəri son aylarda enir. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiyməti növbəti dəfə 50,7 dollar azalaraq 4063 dollara düşüb. Son bir ayda 23 faizdən çox dəyər itirən qiymətli metalın bu enişi “2011-2012-ci illərdəki uzunmüddətli ucuzlaşma yenidən təkrarlana bilərmi?” sualını gündəmə gətirib.

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlama verib.

Onun sözlərinə görə, qızıl bazarında müşahidə olunan qiymət enişi investorlar arasında narahatlıq yaradır, amma bunu hələlik uzunmüddətli eniş trendinin başlanğıcı kimi qiymətləndirmək üçün kifayət qədər əsas yoxdur:

“Maliyyə bazarlarında istənilən aktivdə, xüsusilə də qızıl kimi təhlükəsiz investisiya alətində kəskin bahalaşmadan sonra korreksiya mərhələsinin baş verməsi normal bazar qanunauyğunluğudur. Belə kəskin enişlər adətən bir neçə fundamental amilin eyni vaxtda təsiri nəticəsində baş verir. Birincisi, qiymətlərin rekord həddə çatmasından sonra iri investisiya fondları və institusional investorlar əldə etdikləri mənfəəti reallaşdırmağa başlayırlar. Bu isə bazarda satış təzyiqini artırır. ABŞ dollarının möhkəmlənməsi, faiz dərəcələrinin yüksək səviyyədə saxlanılması və investorların daha gəlirli maliyyə alətlərinə yönəlməsi qızılın qiymətinə mənfi təsir göstərən əsas amillərdən hesab olunur. Mənim fikrimcə, hazırkı vəziyyəti 2011-2015-ci illərdə baş verən hadisələrlə tam müqayisə etmək düzgün olmaz. Həmin dövrdə qlobal maliyyə böhranının təsirləri zəifləməyə başlamış, ABŞ iqtisadiyyatı sürətlə bərpa olunmuş, ABŞ Federal Ehtiyat Sistemi kəmiyyət yumşaldılması proqramlarını dayandıraraq faiz dərəcələrinin artırılması siyasətinə keçmişdi. Belə olduğu halda isə investorlar vəsaitlərini qızıldan çıxararaq səhm və istiqraz bazarlarına yönəltdilər. Bu proses nəticəsində qızılın qiyməti 2011-ci ildəki təxminən 1900 dollar səviyyəsindən 2015-ci ildə 1050 dollara qədər enmişdi. İndiki iqtisadi reallıq isə olduqca fərqlidir. Dünyada geosiyasi risklər əvvəlki illərlə müqayisədə daha yüksək olaraq qalır. Yaxın Şərqdə davam edən münaqişələr, Rusiya-Ukrayna müharibəsi, ABŞ-Çin arasında ticarət və texnologiya rəqabəti, həmçinin qlobal iqtisadiyyatda qeyri-müəyyənlik investorların təhlükəsiz aktivlərə marağını qoruyur”.

Ekspertin fikrincə, digər mühüm amil isə mərkəzi bankların davranışıdır:

“Son illərdə dünyanın bir çox ölkəsinin mərkəzi bankları valyuta ehtiyatlarını diversifikasiya etmək məqsədilə rekord həcmdə qızıl alışı həyata keçirirlər. Bu, bazarda davamlı tələbin formalaşmasına səbəb olur və qiymətlərin kəskin enişinin qarşısını alan əsas faktorlardan biri hesab edilir. Qızılın qiymətində ucuzlaşmanın davam etməsi ehtimalı da mövcuddur. Əgər ABŞ iqtisadiyyatı gözləniləndən daha güclü inkişaf edərsə, inflyasiya nəzarət altında qalarsa və FED faiz dərəcələrini yüksək səviyyədə saxlamaqda davam edərsə, investorların gəlir gətirən aktivlərə marağı arta bilər. Bu halda qızıla olan investisiya tələbi zəifləyəcək və qiymətlər üzərində əlavə satış təzyiqi yaranacaq. Eyni zamanda, dolların möhkəmlənməsi də qızılın digər valyutalarda bahalaşmasına səbəb olduğu üçün qlobal tələbi müəyyən qədər azalda bilər. Amma əks ssenari də mümkündür. Əgər geosiyasi risklər dərinləşərsə, qlobal iqtisadiyyatda resessiya təhlükəsi artsa, maliyyə bazarlarında volatillik yüksəlsə və ya inflyasiya yenidən sürətlənərsə, investorlar yenidən qızılı "təhlükəsiz liman" kimi seçəcəklər. Belə olan halda qiymətlərdə yenidən yüksəliş müşahidə oluna bilər. Burada psixoloji amillər də mühüm rol oynayır. Qızıl bazarı yalnız fundamental göstəricilərdən deyil, investorların gözləntilərindən də ciddi şəkildə təsirlənir. Kütləvi satışlar qiymətlərin qısamüddətli dövrdə fundamental dəyərindən daha aşağı düşməsinə səbəb ola bilər. Eyni zamanda, bazarda müsbət xəbərlərin artması alıcıların geri qayıtmasına və qiymətlərin sürətlə bərpa olunmasına şərait yarada bilər. Bəzi investorlar hazırkı enişi alış imkanı kimi qiymətləndirirlər. Digərləri isə 2011-ci ildən sonra yaşanan uzunmüddətli enişin təkrarlanacağından ehtiyat edirlər. Hər iki yanaşmada müəyyən əsaslar olsa da, bugünkü bazar şəraiti on beş il əvvəlki iqtisadi mühitdən əhəmiyyətli dərəcədə fərqlənir. Xüsusilə mərkəzi bankların rekord həcmdə qızıl alışları və geosiyasi risklərin yüksək qalması qiymətlərin uzunmüddətli perspektivdə müəyyən dəstək almasına səbəb ola bilər. Qızılın qiymətində yaxın aylarda müəyyən qədər əlavə ucuzlaşma mümkündür və bunu bazarın təbii korreksiya mərhələsi kimi qiymətləndirmək olar”.

A.İbrahimov 2011-2015-ci illərdə olduğu kimi təxminən 40-45 faiz davamlı eniş ssenarisinin təkrarlanacağını indidən proqnozlaşdırmağın düzgün olmadığını bildirib:

“Bunun baş verməsi üçün yüksək faiz dərəcələrinin uzun müddət qorunması, dolların davamlı möhkəmlənməsi, geosiyasi risklərin azalması, mərkəzi bankların qızıl alışlarını əhəmiyyətli dərəcədə azaltması və investorların təhlükəsiz aktivlərdən kütləvi şəkildə çıxması kimi bir neçə mühüm amilin eyni vaxtda formalaşması lazımdır. Bu baxımdan investorlar qısamüddətli qiymət dəyişikliklərinə emosional reaksiya vermək əvəzinə, qızılı uzunmüddətli investisiya portfelinin riskdən qorunma aləti kimi qiymətləndirməli və qərarlarını qlobal iqtisadi göstəricilər, monetar siyasət və geosiyasi proseslər əsasında verməlidirlər. Bu yanaşma həm risklərin idarə olunması, həm də uzunmüddətli gəlirliliyin təmin edilməsi baxımından daha məqsədəuyğun hesab olunur”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ