Kontrafakt məhsulların idxalının qarşısı belə alınır – DGK rəsmisi açıqladı

Gömrük orqanlarında əqli mülkiyyət hüquqlarının qorunması, piratçılıq və kontrafakt məhsullara qarşı mübarizə prioritet istiqamətlərdən biridir.
Sfera.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Siyasəti Baş İdarəsinin Ticarət siyasəti idarəsinin rəisi Əliəkbər Heydərov “Toyota Qafqaz” və “Avtosfer.az”ın tərəfdaşlığı ilə keçirilən “Təhlükəsiz mobilliyə doğru” adlı konfransda dedi.
Ə.Heydərov bildirib ki, əqli mülkiyyət hüquqlarının qorunması, piratçılıq və kontrafakt məhsullara qarşı mübarizənin aparılması, kontrafakt məhsulların ölkəyə daxil olmaması bizim üçün əsas istiqamətlərdən biridir.
Onun sözlərinə görə, kontrafakt məhsulların aşkarlanması üçün rəsmi distribütorlarla gömrük orqanları arasında məlumat mübadiləsi aparılır:
“Məhsula dair məlumatlar sistemə daxil edilir. İstehsal ölkəsi, qiymət və digər göstəricilər təqdim olunur. Bu məlumatlar əsasında gömrük inspektorları risklər qiymətləndirir və məhsulları yoxlayırlar”.
İdarə rəisi vurğulayıb ki, gömrük əməkdaşlarının məlumatlı olması da xüsusi əhəmiyyət daşıyır:
"Bəzi şirkətlər gömrük əməkdaşları üçün təlimlər keçirirlər. Onlara hansı məhsulun orijinal, hansının isə qeyri-orijinal olduğu izah edilir. Bu da rəsmiləşdirmə zamanı saxta məhsulların aşkarlanmasını asanlaşdırır”.
O əlavə edib ki, reyestrə düşən və düşməyən məhsullar hüquqi baxımdan eyni statusa malikdir. Sadəcə, reyestrdə olan məlumatlar gömrük əməkdaşları üçün əlavə nəzarət vasitəsi rolunu oynayır və nəzarətin daha operativ təşkilinə kömək edir.
Firuzə Əliyeva
