Yayda payız havası: Yağıntılar daxili turizmə necə təsir edir?

Yayda payız havası: Yağıntılar daxili turizmə necə təsir edir?
Kateqoriya məlum deyil
T

Azərbaycanda yay mövsümü olmasına baxmayaraq bəzi dağlıq ərazilərdə və rayonlarda güclü yağıntı müşahidə olunur. Güclü yağıntılar nəticəsində dağlıq ərazilərdə sel və daşqınlar yaranıb, dağıntılar qeydə alınıb.

Bəs son günlər güclü yağışlar, dağlıq ərazilərdə havaların soyuq keçməsi bu il daxili turizmə mənfi təsir göstərə bilərmi?

Məsələ ilə bağlı turizm eksperti Cəfər Qarayev Sfera.az-a açıqlama verib.

Ekspertin sözlərinə əsasən, Azərbaycanda yay mövsümündə bu cür hava şəraitinin olması həm yerli, həm də xarici turistlər üçün əlverişlidir:

“Çünki bildiyiniz kimi, Avropada, yəni “qoca materik” adlandırdığımız bölgədə güclü isti hava şəraiti hökm sürür. Halbuki Azərbaycan ərazisində hazırda hava kifayət qədər mülayimdir, yağışlı və sərindir. Bu isə o deməkdir ki, biz bundan istifadə edərək ölkəmizə xarici turistləri cəlb edə bilərik. Yay fəslində sərin hava axtaran, xüsusilə ərəb ölkələri və Yaxın Şərqdən olan insanları Azərbaycana səfərə təşviq etmək mümkündür”.

C.Qarayev daxili turizmlə bağlı da fikirlərini açıqlayıb:

“Daxili turizmə gəldikdə isə, yay aylarında insanlar təbii olaraq daha çox dənizkənarı istirahətə üstünlük verirlər. Paytaxt Bakı şəhərində, eləcə də şimalda Xaçmazda, cənubda isə Lənkəran və Astarada yerləşən çimərliklər fəaliyyət göstərir və əhalinin istifadəsinə açıqdır. Həm ictimai çimərliklər, həm də ödənişli əsaslarla fəaliyyət göstərən hovuzlu çimərliklər mövcuddur. Həftənin bəzi günlərində küləkli hava şəraiti müşahidə oluna bilər, lakin digər günlərdə günəşli hava olur. Düşünürəm ki, istirahətə getmək istəyən insanlar mobil telefonlarında olan hava proqnozu tətbiqlərindən istifadə edərək hava şəraiti ilə əvvəlcədən tanış ola və istirahətlərini buna uyğun planlaşdıra bilərlər”.

Mövzu ilə bağlı fikirlərini bölüşən turizm eksperti Ceyhun Aşurov da bildirib ki, yaya uyğun olmayan əlverişsiz hava şəraiti, yəni yağışlı, küləkli və buludlu havalar, xüsusilə də yay turizminin ən populyar istiqaməti olan çimərlik ərazilərində istirahətə daha çox təsir göstərir:

“Çünki insanlar bu ərazilərə əsasən günəşli hava, dəniz kənarında istirahət, günəş, qum və dənizdən zövq almaq gözləntisi ilə üz tuturlar. Lakin yaya xas olmayan qeyri-sabit hava şəraitində insanlar adətən səyahətə əvvəlki həvəslə getmir və bu cür istirahəti istədikləri kimi dəyərləndirə bilmirlər. Bununla yanaşı, ölkədaxili regionlara səfərlər daha çox dost və qohum ziyarətləri ilə bağlı olur. İstənilən halda, əlverişli hava şəraiti insanların səyahət etmək istəyini və turizmə marağını daha çox təşviq edir”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ