Banklar əmanət faizlərini endirir - SƏBƏBLƏR

Banklar manatla yerləşdirilən əmanətlər üzrə faizləri endirir. Bir il əvvəl ən yüksək əmanət faizləri 11-12 faiz arasında dəyişirdisə, hazırda 10-11 faiz arasında, böyük banklarda isə 9-10 faiz arasında dəyişir.
Xarici valyutada olan əmanətlərdə əvvəlki kimi yüksək faizlər qalır. Hətta bəzi banklar sığortalanan maksimum faiz dərəcəsindən də yüksək dividentlər təklif edirlər.
Bəs manatla əmanətlər üzrə faizlərin azaldılması nə ilə izah oluna bilər?
Mövzu ilə bağlı iqtisadçı, bank məsələləri üzrə ekspert Əkrəm Həsənli Sfera.az-a açıqlama verib.

O, bunun əsas səbəblərini belə izah edib:
“Bunun əsas səbəbi odur ki, banklar ödəniş qabiliyyəti yüksək olan borcalan tapıb kredit verməkdə çətinlik çəkirlər. Əslində bankların əmanət cəlb etməkdə məqsədi kredit verməkdir. Lakin mövcud şəraitdə kredit vermək banklar üçün çətinləşib, problemli kreditlərin həcmi isə artmaqdadır. Bu səbəbdən, hazırkı iqtisadi şəraitdə banklara bu qədər yüksək həcmdə və yüksək faizli əmanətlərə ehtiyac yoxdur. Problemin kökü məhz budur”.
Məsələ ilə bağlı açıqlama verən bank məsələləri üzrə ekspert Emin Kərimov isə bildirib ki, bankların əsas vəsait mənbələrindən biri depozitlərdir və kreditə veriləcək vəsaitlərin formalaşma mənbələrindən biri də məhz depozitlər olduğuna görə, kredit faizləri azaldıqca depozit faizləri də buna mütənasib olaraq aşağı düşməlidir:

“Amma son illərdə oturuşmuş faiz dərəcələri formalaşdığı üçün hazırda kreditlərlə depozitlər arasında olan marja elə də yüksək deyil. Xarici valyutada əmanətlərə gəldikdə isə Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə baxsaq, yerli valyutada illik 12 faizə, xarici valyutada isə 2,5 faizə qədər faizlə yerləşdirilən əmanətlər sığortalanır. Şəxslər sosial şəbəkələrdə və ya müxtəlif elanlarda daha yüksək gəlir vəd edən şirnikləndirici təkliflərlə rastlaşa bilərlər. Lakin tövsiyə olunur ki, depozitlərini məhz Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi şərtlər çərçivəsində yerləşdirsinlər. Bu halda, sonradan hər hansı fors-major vəziyyət yaranarsa, öz əmanətlərini geri ala bilərlər. Ümumilikdə isə depozit faizlərinin aşağı düşməsi bir neçə amillə izah oluna bilər. Əsas səbəblərdən biri banklarda depozitlərin həcminin artmasıdır. Yəni bankın cəlb etdiyi depozitlər onun borc öhdəliklərini artırır. Çünki bank bu vəsaiti bu gün qəbul edir, gələcəkdə isə qaytarmalıdır. Bu səbəbdən bank öz xərclərini azaltmaq və depozit axınını müəyyən qədər tənzimləmək məqsədilə faiz dərəcələrini aşağı sala bilər”.
Ekspertin sözlərinə görə, bazardakı vəziyyət və kreditləşmənin həcmi də depozit faizlərinə təsir göstərən amillərdəndir:
“Hazırda iqtisadi aktivlikdə müəyyən durğunluq müşahidə olunur. Sahibkarlıq və digər sahələrdə fəallığın azalması kreditlərə tələbin də zəifləməsinə səbəb olur. Bu isə bankların gəlir marjasını qorumaq üçün depozit faizlərini müəyyən qədər aşağı salmasına gətirib çıxara bilər. Adətən manatla depozit faizləri orta hesabla 9-10 faiz civarında olur və bu, normal qəbul edilən marjadır. Çünki depozit faizlərinin artması kredit faizlərinin də yüksəlməsinə səbəb ola bilər. Nəzərə alsaq ki, bəzi banklarda kreditlər 8-9 faizdən başlayır, bu halda əmanət faizlərində müəyyən qədər azalma müşahidə olunması bazar baxımından normal hesab edilə bilər”.
Bəsti Rəfizadə


