Meyvələr niyə bahadır? - Ekspertdən AÇIQLAMA

Meyvələr niyə bahadır? - Ekspertdən AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Yay mövsümünün ən bol məhsul dövrü hesab olunmasına baxmayaraq, bu il bazarlarda və marketlərdə meyvələrin qiyməti alıcıların narazılığına səbəb olur. Ərik, alça, şaftalı, gilas, albalı və digər mövsümi meyvələrin əksəriyyəti ötən illə müqayisədə daha baha satılır. Vətəndaşlar xüsusilə yerli məhsulların da yüksək qiymətə təklif olunmasının səbəblərini sual edirlər.

Rəsmi statistika da bu tendensiyanı təsdiqləyir. 2026-cı ilin yanvar-may aylarında qida məhsullarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz, təkcə may ayında isə illik müqayisədə 6,6 faiz yüksəlib. Dövlət Statistika Komitəsi aylıq hesabatında alma, limon və kivi kimi meyvələrin qiymətlərində də artım qeydə alındığını açıqlayıb.

Bəs bu mövsüm meyvələrin qiymətinin yüksək olmasının əsas səbəbləri hansılardır? Qarşıdakı aylarda qiymətlərdə azalma gözlənilirmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu mövsüm meyvələrin bahalaşmasına bir neçə amil təsir göstərir.

Onun sözlərinə görə, əlverişsiz hava şəraiti bəzi bölgələrdə məhsuldarlığın azalmasına səbəb olub və bazara çıxarılan məhsulun həcmi əvvəlki illərlə müqayisədə aşağı düşüb:

“Digər tərəfdən, yanacaq, gübrə, dərman, suvarma, əməkhaqqı və logistika xərclərinin artması istehsalın maya dəyərini yüksəldib. Bu artımlar son nəticədə satış qiymətlərində də öz əksini tapır. Bundan əlavə, tələbatın yüksək qalması, bəzi məhsulların ixracının artması və vasitəçilərin qiymət siyasəti də bazardakı qiymətlərə təsir edən amillər sırasındadır”.

A.Nəsirlinin fikrincə, əgər qarşıdakı dövrdə bazara məhsul təklifi artsa və hava şəraiti əlverişli keçsə, bəzi meyvələrin qiymətlərində nisbi sabitləşmə və ya müəyyən azalma müşahidə oluna bilər. Ekspertin sözlərinə görə, buna baxmayaraq ümumi qiymət səviyyəsinə istehsal və daşınma xərcləri həlledici təsir göstərməyə davam edəcək.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ