Dollara tələb azalıb: "Bu, manata olan etimaddan xəbər verir"

Dollara tələb azalıb: "Bu, manata olan etimaddan xəbər verir"
Kateqoriya məlum deyil
T

2026-cı ildə Azərbaycan Mərkəzi Bankı ikinci dəfə valyuta bazarında alışyönlü müdaxilə edib. Birinci dəfə apreldə 1 milyard dollar, ikinci dəfə isə iyunda 394 milyon dollar dəyərində xarici valyuta alıb. Bu alışlar hesabına ilk 6 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 1,6 milyard dollar artıb.

Banklarda olan depozitlərin həcmində də dollarla olan vəsaitlər azalır.

Bəs daxili bazarda dollara tələbin azalması nə ilə izah edilə bilər?

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlama verib.

O bildirib ki, Mərkəzi Bankın 2026-cı ildə valyuta bazarında alış yönümlü müdaxiləsi bazarda xarici valyuta təklifinin tələbə nisbətən daha yüksək olduğunu göstərir:

“Belə vəziyyətdə Mərkəzi Bank məzənnəni qorumaq üçün valyuta satmır, əksinə, bazarda formalaşan artıq valyutanı alaraq həm beynəlxalq ehtiyatlarını artırır, həm də məzənnənin həddindən artıq möhkəmlənməsinin qarşısını alır. Manatın 1,70 AZN səviyyəsində saxlanılması üçün Mərkəzi Bankın əlində olan vasitələrdən istifadə etdiyi məlumdur. Daxili bazarda dollara tələbatın azalması isə bir neçə mühüm iqtisadi amillə izah olunur. Son illərdə manatın məzənnəsinin sabit qalması əhali və biznes arasında dollarlaşma meylini zəiflədib. Əvvəllər insanlar məzənnə riskindən qorunmaq üçün yığımlarını xarici valyutada saxlayırdılarsa, hazırda bu gözləntilər azalıb və manata olan etimad artıb. Bununla yanaşı, neft gəlirlərinin yüksək səviyyədə qalması və bu vəsaitlərin dövlət büdcəsinə daxil olması məzənnəyə müsbət təsir göstərir. Dövlət büdcəsinin və iri infrastruktur layihələrinin maliyyələşdirilməsi zamanı həmin vəsaitlər manata çevrildiyi üçün bazarda xarici valyuta təklifi daha da artır”.

Ekspertin sözlərinə görə, idxalın artım tempinin zəifləməsi də biznesin xarici valyutaya tələbatını azaldıb:

“İdxal olunan malların və xidmətlərin həcminin gözləniləndən aşağı olması da dollara olan tələbin azalmasına səbəb olur. Eyni zamanda, xərclərin və inflyasiyanın artması fonunda insanlar əvvəlki illərlə müqayisədə daşınmaz əmlak, qızıl və ya dollar kimi aktivlərə böyük həcmdə vəsait yönəldə bilmirlər. Bank sektorunda dollarlaşmanın azalması da bu tendensiyanı təsdiqləyir. Dollar depozitlərinin həcminin aşağı düşməsi əhali və şirkətlərin vəsaitlərini daha çox manatda saxlamağa üstünlük verdiyini göstərir. Bunun əsas səbəblərindən biri bankların dollar depozitlərinə manat əmanətləri ilə müqayisədə daha aşağı faiz təklif etməsi, digər tərəfdən isə devalvasiya gözləntilərinin zəifləməsidir. Bununla belə, valyutaya tələbin azalmasını yalnız müsbət göstərici kimi qiymətləndirmək düzgün olmaz. Bu vəziyyət müəyyən hallarda investisiya fəallığının zəifləməsi, idxal avadanlıqlarına və yeni istehsal layihələrinə tələbin aşağı olması ilə də bağlı ola bilər. Əgər sahibkarlar yeni istehsal güclərinə kifayət qədər investisiya etmirlərsə, xarici valyutaya ehtiyac da azalır. Mərkəzi Bankın valyuta ehtiyatlarının ilk altı ay ərzində təxminən 1,6 milyard ABŞ dolları artması ölkənin xarici maliyyə dayanıqlığını gücləndirən mühüm amildir. Lakin uzunmüddətli perspektivdə əsas məsələ təkcə ehtiyatların artması deyil, bu sabitliyin qeyri-neft sektorunun inkişafı, ixracın şaxələndirilməsi və investisiyaların artırılması hesabına təmin edilməsidir. Əgər valyuta bazarında təklif bolluğu əsasən neft gəlirlərindən qaynaqlanırsa, bu, qlobal enerji qiymətlərindən asılılığı qoruyub saxlayır. Davamlı iqtisadi dayanıqlıq isə yalnız rəqabətqabiliyyətli qeyri-neft iqtisadiyyatının yüksək məhsuldarlığı hesabına təmin oluna bilər”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ