Azərbaycanda yoxsulluq 5,2 faizə gerilədi: "Bir qədər də azala bilər"

Azərbaycanda yoxsulluq 5,2 faizə gerilədi: "Bir qədər də azala bilər"
Kateqoriya məlum deyil
T

2025-ci ildə Azərbaycanda aylıq adambaşına düşən yoxsulluq həddi 286 manat olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü illə müqayisədə ötən il yoxsulluq həddi 16 manat artıb. 2025-ci ildə yoxsulluq göstəricisi isə 5,2 faizə geriləyib. Bir il əvvəl yoxsulluq göstəricisi 5,3 faiz idi.

Uzun müddətdir ki, Azərbaycanda yoxsulluq göstəricisi 5-6 faiz intervalında dəyişir. Əvvəlki illərlə müqayisədə yoxsulluq həddi azalıb.

Bəs yoxsulluq göstəricisinin bir qədər də aşağı düşməsi ehtimalı varmı?

Məsələ ilə bağlı iqtisadçı Allahverdi Cəfərov Sfera.az-a açıqlama verib.

Onun sözlərinə görə, yoxsulluq səviyyəsinin 5,3 faizdən 5,2 faizə enməsi kəskin dəyişiklik olmasa da, tendensiyanın azalma istiqamətində dəyişməsi müsbət qiymətləndirilməlidir:

“Yoxsulluq həddinin artıb-azalmasına daha çox inflyasiya təsir edir. Qiymətlər daha çox artdığı zaman yoxsulluq həddi də yüksəlir. Xatırlayırsınızsa, 2015-ci ildə yoxsulluq səviyyəsi 4,9 faizə qədər azalmışdı. Lakin həmin il baş verən ardıcıl iki devalvasiyadan sonra, 2016-cı ildə inflyasiya kəskin şəkildə artaraq ikirəqəmli səviyyəyə yüksəldi. Nəticədə yoxsulluq həddi də kəskin şəkildə artdı. Sonrakı illərdə inflyasiya azalmağa başladığı üçün yoxsulluq həddi də aşağı düşdü. 2020-ci il koronavirus pandemiyasından sonra inflyasiya yenidən artdı və yoxsulluq həddi də buna paralel olaraq yüksəldi. Son 2-3 ildir inflyasiya səviyyəsində ciddi dəyişiklik qeydə alınmır. Bu da özünü yoxsulluq səviyyəsində göstərir. Bu səbəbdən qarşıdakı illərdə yoxsulluq səviyyəsinin aşağı həddə saxlanılması üçün inflyasiya səviyyəsinin nəzarət altında saxlanılması vacibdir”.

Mütəxəssisin sözlərinə əsasən, hazırda Azərbaycan yüksək idxal inflyasiyasının təsiri altındadır:

“Son dövrlərdə qeydə alınan inflyasiyanın əhəmiyyətli hissəsi xarici bazarlarda baş verən qiymət artımlarından qaynaqlanır. Bəzi ərzaq məhsullarına, həmçinin dərman və geyimə olan tələbatımızı idxal hesabına qarşılayırıq. Nəticədə qlobal bahalaşma daxili bazara da birbaşa təsir göstərir. Qeyd etdiyim kimi, qiymət artımı da nəticədə yoxsulluq səviyyəsinin yüksəlməsinə səbəb olur. Hesab edirəm ki, idxal inflyasiyasının təsirlərini azaltmaq üçün hökumət ilk növbədə yerli istehsalın rəqabət qabiliyyətini artırmalıdır. Kənd təsərrüfatı və emal sənayesinin inkişafına xüsusi diqqət ayrılmalıdır. Eyni zamanda, kənd təsərrüfatında məhsuldarlığın artırılması idxaldan asılılığı tədricən azalda bilər. Bundan başqa, idxal mənbələrinin şaxələndirilməsinə də xüsusi diqqət yetirmək lazımdır. Yoxsulluğun aşağı səviyyədə qalması üçün digər mühüm məqam makroiqtisadi sabitliyin qorunmasıdır. Təbii ki, bu işdə Mərkəzi Bankın üzərinə daha çox iş düşür. Xüsusilə manatın məzənnəsinin qorunması olduqca əhəmiyyət kəsb edir. Bundan əlavə, daxili bazarda sağlam rəqabət mühitinin təmin edilməsi, inhisarçılıq meyillərinin məhdudlaşdırılması və süni qiymət artımlarına qarşı effektiv nəzarət də inflyasiya təzyiqlərinin azalmasına ciddi töhfə verə bilər. Nəticə etibarilə, yoxsulluğun davamlı şəkildə azalması yalnız əməkhaqlarının və sosial ödənişlərin artırılması ilə deyil, həm də qiymət sabitliyinin qorunması ilə mümkündür. İnflyasiya aşağı və sabit səviyyədə saxlanıldığı halda əhalinin real gəlirləri daha yaxşı qorunur və nəticədə yoxsulluq səviyyəsinin azalması daha dayanıqlı xarakter alır”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ