Sahil Babayev: 2025-ci ildə 1,8 milyard manata yaxın debitor borc bağlanıb

2025-ci ildə dövlət büdcəsinin icrası zamanı 1 milyard 797 milyon manat məbləğində keçmiş illərin debitor borcları bağlanılıb.
Sfera.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, debitor borclarla bağlı məsələyə konseptual və kompleks yanaşılmalıdır. O qeyd edib ki, ötən il iri infrastruktur layihələri çərçivəsində qanunvericiliyin tələblərinə uyğun bağlanmış yeni müqavilələr üzrə avans ödənişləri həyata keçirilib.
Sahil Babayev vurğulayıb ki, 2025-ci il ərzində təşkilatların avans qalıqları Maliyyə Nazirliyi tərəfindən təhlil olunub və əldə edilən nəticələr əsasında zəruri tədbirlərin görülməsi məqsədilə Nazirlər Kabineti tərəfindən 120 təşkilata müvafiq tapşırıqlar verilib.
Nazir, həmçinin ötən il investisiya xərclərinin tam icra olunmamasının səbəblərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, istifadə edilməmiş investisiya vəsaitinin əsas hissəsi – 334 milyon manatı xarici kreditor qurumlarla birgə maliyyələşdirilən layihələr üzrə kreditlərin payına düşüb.
Sahil Babayev bildirib ki, büdcə proqnozları hazırlanarkən xarici kreditorların maliyyələşdirəcəyi layihələr hazırlıq işləri, danışıqların gedişi və kredit sazişlərinin imzalanmasının vaxt aparması nəzərə alınaraq optimist ssenari əsasında planlaşdırılır. Vəsaitlərin faktiki icrası isə cəlb olunan maliyyə həcminə uyğun həyata keçirilir.
Nazir əlavə edib ki, hesabat ilində Nazirlər Kabineti tərəfindən "Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Qaydaları" təsdiq edilib. Yeni qaydalara əsasən, investisiya layihələrinin icra qrafikinə uyğunluğu yoxlanılacaq, onların tam və vaxtında həyata keçirilməsi məqsədilə mütəmadi monitorinqlər aparılacaq.
Firuzə Əliyeva
Sfera.az
