Dünya bazarında neft qiymətləri enişə keçdi

Dünya bazarında neftin qiyməti enişini davam etdirir. Buna səbəb Yaxın Şərqdə vəziyyətin tədricən sabitləşməsi göstərilir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 12:20-yə olan məlumata əsasən, Brent markalı neftin bir barelinin qiyməti 2,56 faiz və ya 1,93 dollar ucuzlaşaraq 73,57 dollara (125,07 manat) düşüb. Gün ərzində qiymət minimum 73,36 dollar (124,71 manat) səviyyəsinə qədər geriləyib.
Mütəxəssislərin fikrincə, neftin ucuzlaşmasının əsas səbəbi Hörmüz boğazında gəmiçilik fəaliyyətinin tədricən bərpa olunmasıdır. ABŞ və İran arasında daha əvvəl imzalanmış qarşılıqlı anlaşma memorandumu bölgədə gərginliyin azalmasına şərait yaradıb. Nəticədə Fars körfəzi ölkələrindən neft yükləmək üçün supertankerlərin bölgəyə səfərləri artıb.
Analitiklər hesab edirlər ki, Yaxın Şərqdən qlobal bazara əlavə neft tədarükünün artması, bölgədə hasilatın və neft emalı zavodlarının fəaliyyətinin bərpası qiymətlərin böhran öncəsi səviyyəyə qayıtmasına səbəb ola bilər. Dünyanın ən böyük neft idxalçısı olan Çində yüksək tələbatın davam etməsinə baxmayaraq, təklifin artması qiymətlərə təzyiq göstərməkdə davam edir.
"Citi" maliyyə qrupunun proqnozuna görə, ilin sonunadək Brent markalı neftin orta qiyməti bir barel üçün 70 dollara (119 manat) qədər enə bilər.
İnci
Sfera.az
