Azərbaycanda dollara tələb kəskin azalıb - RƏQƏMLƏR

2026-cı ilin yanvar-may ayları ərzində Azərbaycanın valyuta bazarında təklif tələbi üstələyib. Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) açıqlayıb.
AMB bildirib ki, 2026-cı ilin 5 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 311 milyon dollar üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.8 faiz bəndi azalaraq 2026-cı ilin mayında 27%-ə enib. Yanvar-may aylarında ölkəyə daxil olan pul baratlarının həcmi ötən ilin müvafiq dövrünə nəzərən 28.8% artaraq 560.1 milyon ABŞ dolları təşkil edib.
AMB qeyd edib ki, valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması şəraitində Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Cari ilin 5 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1.2 milyard ABŞ dolları məbləğində və ya 10.4% artaraq 12.7 milyard ABŞ dollarına çatıb.
Vasif
