Bu il qeyri-neft ixracı 4,4 dəfə artıb - SƏBƏBLƏR

Bu ilin ilk 4 ayında Azərbaycanın ümumi ixracatı 12 milyard 535 milyon dollar olub ki, onun da 4 milyard 698 milyon dolları qeyri neft-qaz məhsullarının payına düşüb. Xarici ticarət dövriyyəsində diqqəti çəkən məqam qeyri neft-qaz ixracatının 4.4 dəfə artmasıdır. Belə ki, bu ilin 4 aylıq qeyri neft-qaz ixracatı əvvəlki ilin ümumi göstəricisindən 30 faiz çoxdur.
Bəs qeyri neft-qaz ixracatında kəskin artımın səbəbi nədir?
Sfera.az xəbər verir ki, millət vəkili, iqtisadçı Vüqar Bayramov bu ilin ilk 4 ayına qeyri neft-qaz ixracatındakı 4.4 dəfəlik artımın əsas səbəbinin işlənməmiş, yaxud yarıişlənmiş və eləcə də toz şəkilində qızıl ixracatı ilə əlaqələndirib.
V.Bayramov deyib ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sözügedən növ qızıl ixracatı real ifadədə 18, cari qiymətlər ilə isə 37 dəfə artıb:
"Həmin dövrdə Azərbaycan 3 milyard 599 milyon dollarlıq qızıl ixrac edib. Faiz deyil, dəfə ilə ifadə olunan digər artım şəkər ilə bağlıdır. İxracatı 4.2 dəfə artan şəkər ölkəyə 37.5 milyon dollar valyuta gətirib. 2.6 dəfə artım qeydə alınan pambıq ipliyinin ixrac dəyəri 16.4 milyon dollar olub. Kartof ixracatı sözügedən dövrdə 2.1 dəfə artıb. Bu məhsul ölkəyə 4 milyon dollara yaxın valyuta gətirib".

Millət vəkili söyləyib ki, bütövlükdə, qızıldan sonra qeyri neft-qaz sektorunda ölkəyə ən çox valyutanı təzə meyvə məhsulları gətirib:
"Meyvə-tərəvəz ixracından gəlir 165.1 milyon dollar olub. Üçlüyü 92.7 milyon dollar ilə pambıq lifi tamamlayıb".
V.Bayramov onu da bildirib ki, qeyri neft-qaz ixracatındakı artımlar iqtisadiyyatın daha da şaxələndirilməsi üçün vacib faktorlardandır:
"Son artımlar ilə yanaşı, təbii ehtiyata əsaslanmayan qeyri neft-qaz məhsullarının ixracatının təşviqi prioritet olaraq qalmaqdadır".
Firuzə Əliyeva

