Azərbaycanın valyuta ehtiyatları ÜDM-ni üstələyir

Azərbaycanın valyuta ehtiyatları ÜDM-ni üstələyir
Kateqoriya məlum deyil
T

Azərbaycanda 2025-ci ildə ümumi daxili məhsul (ÜDM) real ifadədə 1,4 faiz artaraq 129,1 milyard manata çatıb. Adambaşına düşən ÜDM isə 12,6 min manat olub.

 

Sfera.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

Nazirin sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı nəticəsində ötən il bu sahədə 2,7 faiz real artım qeydə alınıb. ÜDM-in 72 faizi və ya 92,3 milyard manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da əvvəlki illə müqayisədə 6,1 milyard manat çoxdur.

 

S.Babayev bildirib ki, qeyri-neft ixracı 8,1 faiz artaraq 3,6 milyard dollara yüksəlib. Eyni zamanda, profisitli tədiyə balansı və koordinasiyalı maliyyə siyasəti nəticəsində məzənnə sabitliyi qorunub. 2025-ci ilin sonunda illik inflyasiya 5,2 faiz, orta illik inflyasiya isə 5,6 faiz təşkil edib.

 

Nazir qeyd edib ki, hesabat ilində əhalinin adambaşına düşən nominal gəlirləri 7,6 faiz, orta aylıq əməkhaqqı isə 9,3 faiz artıb. Bu göstəricilər inflyasiyanı üstələdiyi üçün vətəndaşların sosial rifahında müsbət dinamika müşahidə olunub.

 

S.Babayev əlavə edib ki, 2026-cı ilin əvvəlinə Azərbaycanın məcmu valyuta ehtiyatları 85,1 milyard ABŞ dollarına çatıb. Bu göstərici xarici dövlət borcunu təxminən 18 dəfə üstələyir və ÜDM-in 112 faizindən çoxuna bərabərdir.

 

“Məcmu valyuta ehtiyatlarının yüksək səviyyədə olması makroiqtisadi sabitliyin, milli valyutanın dayanıqlılığının və ölkənin xarici öhdəliklərini yerinə yetirmə imkanlarının əsas təminatlarından biridir”, - deyə nazir vurğulayıb.

 

O, həmçinin qeyd edib ki, 2025-ci ildə “Azəri Light” markalı neftin dünya bazarındakı orta satış qiyməti bir barel üçün 71 dollar olub ki, bu da büdcədə nəzərdə tutulan göstəricidən 1,4 faiz yüksəkdir.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ