İqtisadiyyatda struktur dəyişikliyi: Riskə davamlı sistem necə qurulmalıdır?

İqtisadiyyatda struktur dəyişikliyi: Riskə davamlı sistem necə qurulmalıdır?
Kateqoriya məlum deyil
T

İqtisadiyyat naziri Mikayıl Cabbarov yerli mediaya verdiyi müsahibəsində Azərbaycanın iqtisadi strukturunda dəyişiklik prosesinin davam etdiyini, lakin bu transformasiyanın hələ arzu olunan səviyyəyə çatmadığını bildirib. Nazir vurğulayıb ki, ölkənin gələcək inkişaf modelinin formalaşdırılması baxımından prioritet sahələrin düzgün müəyyənləşdirilməsi əsas məsələlərdən biri olaraq qalır. 


Sfera.az xəbər verir ki, son illər neft gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sektorunun genişləndirilməsi və iqtisadiyyatın daha dayanıqlı əsaslar üzərində qurulması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim olunur. 

 

Bəs Azərbaycanın mövcud potensialı və qlobal iqtisadi tendensiyalar nəzərə alındıqda, hansı sahələr ölkənin gələcək inkişafının lokomotivi ola bilər? Hansı istiqamətlər həm yüksək əlavə dəyər yarada, həm də ölkənin beynəlxalq rəqabət qabiliyyətini artıraraq uzunmüddətli iqtisadi dayanıqlılığa töhfə verə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Allahverdi Aydın bildirib ki, Azərbaycan iqtisadiyyatında struktur dəyişikliyi zərurəti artıq uzun müddətdir müzakirə olunur və bu, təsadüfi məsələ deyil. 

 

Onun sözlərinə görə, Azərbaycan uzun illər əsasən neft-qaz gəlirlərinə söykənən iqtisadi model üzərində inkişaf edib:

 

“Bu model müəyyən dövr üçün ölkəyə ciddi maliyyə imkanları qazandırdı, infrastruktur quruldu, sosial layihələr həyata keçirildi. Amma eyni zamanda bir reallıq da var ki, iqtisadiyyatın yalnız bir sektordan asılı qalması uzunmüddətli perspektivdə risk yaradır. Ona görə də prioritet sahələrin müəyyənləşdirilməsi həqiqətən strateji məsələdir.

Amma burada bir mühüm məqam var. Hər sahəni prioritet elan etmək mümkün deyil. İqtisadi baxımdan dövlət öz resurslarını elə istiqamətlərə yönəltməlidir ki, həmin sahələr həm yüksək əlavə dəyər yaratsın, həm ixrac potensialına malik olsun, həm də orta müddətdə rəqabətədavamlı fəaliyyət göstərə bilsin.
Məncə, ilk növbədə Azərbaycan üçün logistika və tranzit sektoru ciddi prioritet ola bilər. Çünki ölkəmizin coğrafi mövqeyi kifayət qədər əlverişlidir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və bu, təbii üstünlükdür. Amma məsələ təkcə tranzit ölkə olmaq deyil. Əsas məsələ bundan iqtisadi dəyər yaratmaqdır. Yəni yük sadəcə ölkədən keçməməlidir, burada emal, anbarlaşdırma, regional distribusiya və logistika xidmətləri formalaşmalıdır. Çünki neft müəyyən mərhələdə tükənə bilən resursdur, amma coğrafi mövqe daimi iqtisadi üstünlükdür”.

 

 

A.Aydın qeyd edib ki, digər vacib istiqamət kənd təsərrüfatı və aqrar sənaye kompleksidir:

 

“Amma burada söhbət yalnız məhsul istehsalından getmir. Azərbaycan uzun müddət əsasən xammal formasında kənd təsərrüfatı məhsulları ixrac edib. Halbuki iqtisadi səmərəlilik emal mərhələsində yaranır. Məsələn, eyni məhsulu xammal kimi satmaqla emal olunmuş formada ixrac etmək arasında gəlir fərqi çox böyükdür. Ona görə də kənd təsərrüfatında məqsəd sadəcə çox məhsul istehsal etmək yox, daha yüksək əlavə dəyər formalaşdırmaq olmalıdır. Burada istixana təsərrüfatı, meyvə-tərəvəz emalı, şərabçılıq, fındıq, zəfəran kimi yüksək gəlirli istiqamətlər xüsusilə perspektivlidir.

Eyni zamanda düşünürəm ki, bərpa olunan enerji sektoru gələcək üçün mühüm prioritetlərdən biridir. Dünya enerji keçidi mərhələsinə daxil olur və bu proses sürətlənəcək. Azərbaycanın isə həm günəş, həm külək enerjisi baxımından ciddi potensialı var. Bunun iqtisadi üstünlüyü ondan ibarətdir ki, daxildə enerji istehlakında qazdan asılılıq azala bilər, qənaət olunan qaz isə daha yüksək gəlirlə ixrac edilə bilər. Uzun müddətdə isə ölkə yaşıl enerji ixracatçısına çevrilmək imkanını qazana bilər”.

 

İqtisadçı nəzərə çatdırıb ki, bir başqa vacib məsələ rəqəmsal iqtisadiyyat və informasiya texnologiyalarıdır:

 

“Kiçik ölkələrin gələcək rəqabət üstünlüyü daha çox insan kapitalı üzərində qurulur. Yəni burada böyük təbii sərvətdən daha çox bilik və innovasiya həlledici olur. Bunun üçün əsas investisiya yalnız bina və infrastruktura deyil, təhsilə və insan kapitalına yönəlməlidir.

Turizm də vacib istiqamətdir, amma mən hesab edirəm ki, burada əsas məqsəd yalnız turist sayını artırmaq olmamalıdır. Daha səmərəli model yüksək xərcləmə qabiliyyətinə malik turistləri cəlb etməkdir. Yəni tibbi turizm, biznes tədbirləri, ekoturizm, mədəni və kulinariya turizmi kimi istiqamətlər daha çox iqtisadi effekt verə bilər.

Təbii ki, neft ölkəsi olaraq neft-kimya sənayesini də unutmaq olmaz. Çünki xammal satmaqla həmin resursu emal edib daha yüksək əlavə dəyərli məhsula çevirmək arasında ciddi fərq var. Polimer, gübrə, kimya sənayesi məhsulları kimi istiqamətlər ölkəyə daha yüksək gəlir gətirə bilər”.
A.Aydın bildirdi ki, Azərbaycanın iqtisadi transformasiya modelində əsas məqsəd neftdən sonrakı dövrə hazırlaşmaq olmalıdır: "Bunun üçün isə bir neçə strateji sahə seçilməli, həmin istiqamətlərə koordinasiyalı şəkildə investisiya qoyulmalı, biznes mühiti gücləndirilməli və insan kapitalına yatırım artırılmalıdır. Çünki dayanıqlı iqtisadiyyat deyəndə biz yalnız gəlir gətirən iqtisadiyat başa düşməməliyik, həm də risklərə davamlı iqtisadiyyat başa düşməliyik”.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ