İxracda İtaliya, idxalda Çin: Azərbaycanın əsas ticarət tərəfdaşları

Azərbaycanın xarici ticarət dövriyyəsində həm məhsul strukturu, həm də tərəfdaş ölkələrin payında ciddi dəyişikliklər müşahidə olunur.
Sfera.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatlara görə, 2025-ci ildə Azərbaycan dünyanın 180 ölkəsi ilə ticarət əlaqəsi qurub ki, bu da ölkəmizin iqtisadi coğrafiyasının genişlənməsindən xəbər verir.
Məlumatlara görə, 2025-ci ildə Azərbaycan dünyanın 180 ölkəsi ilə ticarət əlaqələri qurub, 128 ölkəyə məhsul ixrac edib, 173 ölkədən isə idxal həyata keçirib. Ümumilikdə xarici ticarət dövriyyəsi 48,9 milyard dollar təşkil edib. Bunun 24,5 milyard dolları ixracın, 24,3 milyard dolları isə idxalın payına düşüb. Nəticədə ölkə üzrə 146,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Lakin rəqəmləri 2024-cü illə müqayisə etdikdə maraqlı mənzərə yaranıb. Dövriyyə faktiki qiymətlərlə 3,2% artsa da, həm ixracda, həm də idxalda 8%-dən çox azalma qeydə alınıb.
Ümumi ticarət dövriyyəsinin böyük hissəsi isə bir neçə əsas ölkə ilə formalaşıb. İdxalın 19,6%-i Çindən, 15,3%-i Rusiyadan, 9,6%-i isə Türkiyədən həyata keçirilib. Bu isə Azərbaycanın xarici ticarətində əsas ağırlığın məhz bu ölkələrin üzərində cəmləndiyini göstərir.
Nəyi daha çox alırıq?
Statistika göstərir ki, Azərbaycanın idxal səbətində texnoloji məhsullar və nəqliyyat vasitələri dominantlıq edir. Ölkəyə əsasən qiymətli metallar, maşın və mexanizmlər, elektrotexniki avadanlıqlar, nəqliyyat vasitələri, kimya sənayesi məhsulları, mineral məhsullar, eləcə də hazır ərzaq və kənd təsərrüfatı məhsulları gətirilir. Xüsusilə minik avtomobilləri (38,1 faiz), avtobuslar (2,2 dəfə), siqaretlər (3 dəfə), təzə tərəvəz (29 faiz) və xam şəkər (24,2 faiz) idxalı artıb. Əksinə, buğda, bitki yağları, süd məhsulları, meyvə, dərman vasitələri və tikinti materiallarının idxalında azalma müşahidə olunub. Ümumilikdə 2025-ci ildə ölkəyə 113 mindən çox minik avtomobili idxal edilməsi nəqliyyat sektorunun idxalda xüsusi çəkisini bir daha göstərir.
İxrac strukturunda isə ənənəvi olaraq enerji resursları üstünlük təşkil edir. Xam neft, təbii qaz və neft məhsulları Azərbaycanın xaricə satdığı əsas məhsullardır. Bununla yanaşı, meyvə-tərəvəz, plastmas məhsulları, kimya sənayesi məhsulları, alüminium, pambıq və içkilər də ixracda mühüm yer tutur.
Ən çox ixrac edilən ölkələr sırasında İtaliya açıq fərqlə birinci yerdədir. Ümumi ixracın 45,3 faizi bu ölkənin payına düşüb. Türkiyə (13,5 faiz) və Rusiya (4,7 faiz) növbəti əsas tərəfdaşlardır. Bundan başqa Yunanıstan, Bolqarıstan, Çexiya və Gürcüstan da Azərbaycanın ixrac bazarında mühüm rol oynayır.
Qeyri-neft-qaz məhsullarına gəldikdə isə burada əsas istiqamət qonşu və regional ölkələrdir. Bu kateqoriyada ixracın ən böyük hissəsi Rusiyaya (32,4 faiz), Türkiyəyə (16,5 faiz) və Gürcüstana (9,6 faiz) göndərilir. Bu isə kənd təsərrüfatı və emal məhsullarının daha çox yaxın bazarlara yönəldiyini göstərir.
2025-ci ildə bəzi məhsullar üzrə ixracda ciddi artım qeydə alınıb. Məsələn, təzə meyvə ixracı 21,4 faiz, tərəvəz 18 faiz, şəkər 67,6 faiz, kartof 47,8 faiz, alüminium isə 87 faiz artıb. Bununla yanaşı, tütün, çay, konserv məhsulları və elektrik enerjisi ixracında azalma müşahidə olunub. Maraqlıdır ki, ixrac etdiyimiz məhsulların 83,9%-i boru kəmərləri (neft və qaz) ilə göndərilir. İdxalda isə əsas yük avtomobil nəqliyyatının (46,4%) və hava yolunun (33,2%) üzərinə düşür.
Ümumilikdə mənzərə göstərir ki, Azərbaycan xaricə əsasən xammal və enerji məhsulları satır, əvəzində isə daha çox texnologiya, sənaye və hazır məhsullar idxal edir. Qonşu ölkələrlə ticarətdə isə kənd təsərrüfatı və gündəlik istehlak malları üstünlük təşkil edir. Bu balans ölkə iqtisadiyyatında ixracın şaxələndirilməsi və yerli istehsalın gücləndirilməsi məsələsini daha da aktual edir.
Bəsti Rəfizadə
Sfera.az
