Neftin qiyməti 180 dolları keçə bilər - Səudiyyə Ərəbistanından ciddi XƏBƏRDARLIQ

Neftin qiyməti 180 dolları keçə bilər - Səudiyyə Ərəbistanından ciddi XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Səudiyyə Ərəbistanının enerji rəsmiləri Yaxın Şərqdə davam edən hərbi gərginlik fonunda qlobal neft qiymətlərinin kəskin artacağı ilə bağlı xəbərdarlıq ediblər.

 

Sfera.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.


Bildirilib ki, mövcud vəziyyət həll olunmazsa, neftin bir barelinin qiyməti 180 dolları keçə bilər. Bu isə tarixdə rekord göstərici olmaqla yanaşı, qlobal iqtisadiyyatda ciddi tənəzzül riski yarada bilər.

 

Məlumata əsasən, Fars körfəzində dəniz təhlükəsizliyinin zəifləməsi artıq tanker daşımalarına təsir edib. Bir çox neft tankerləri daha uzun və baha marşrut - Ümid burnu ətrafından hərəkət etməyə məcbur olur. Bu isə nəqliyyat xərclərini artıraraq, yanacaq qiymətlərində dərhal artıma səbəb ola bilər.

 

Ekspertlər qeyd edir ki, belə bir qiymət sıçrayışı aviasiya sektorunda, eləcə də qlobal istehlak mallarının qiymətlərində ciddi bahalaşma ilə nəticələnəcək. Eyni zamanda, sənaye ölkələrinin bir çoxu enerji qənaəti ilə bağlı fövqəladə tədbirlər görməyə, hətta elektrik enerjisinin paylanmasında məhdudiyyətlər tətbiq etməyə məcbur qala bilər.

 

Analitiklər vurğulayır ki, Səudiyyə Ərəbistanı OPEC+ çərçivəsində əsas oyunçulardan biri olsa da, mövcud hasilat səviyyəsi regional münaqişələrin yaratdığı riskləri tam kompensasiya etmək gücündə deyil.

 

Qlobal təchizat zəncirinin artıq ciddi təzyiq altında olduğu bildirilir. Belə bir enerji şokunun davamlı xarakter alması halında, bir çox böyük iqtisadiyyatlarda iki rəqəmli inflyasiya qaçılmaz ola bilər. Mütəxəssislər mövcud vəziyyəti 1970-ci illərin enerji böhranı ilə müqayisə etsələr də, qeyd edirlər ki, müasir qlobal bazarlar daha inteqrasiya olunmuş və eyni zamanda daha həssasdır.

 

Beynəlxalq diplomatik dairələrdə isə gərginliyin azaldılması, atəşkəsin əldə olunması və ya enerji ixracı üçün “təhlükəsiz dəhliz”in yaradılması istiqamətində təzyiqlər artır. Ekspertlər hesab edir ki, qarşıdakı dövrdə əsas sual qlobal iqtisadiyyatın bu cür kəskin enerji qiymət artımına nə dərəcədə davam gətirə biləcəyidir.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ