Türkiyə qaz kəməri hədəfdə: Bu, enerji bazarını silkələyə bilər

Türkiyə qaz kəməri hədəfdə: Bu, enerji bazarını silkələyə bilər
Kateqoriya məlum deyil
T

Rusiya enerji şirkəti olan “Gazprom” və Rusiya Müdafiə Nazirliyi 10-11 mart tarixlərində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Türkiyəyə qaz nəql edən boru kəməri sisteminə hücum etdiyini açıqlayıb.

 

Məlumata görə, hücumların hədəfi Qara dəniz sahillərində yerləşən və boru kəmərlərinə qaz vurulmasını təmin edən “Ruskaya”, “Bereqovaya” və “Kazatskaya” kompressor stansiyaları olub. Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib ki, dünya enerji böhranı ilə mübarizə apardığı bir vaxtda Ukraynanın Türkiyəyə qaz nəql edən infrastrukturu hədəf alması ciddi narahatlıq doğurur.

 

Ukraynanın Türkiyəyə qaz nəql edən boru kəmərlərinə hücum cəhdi regionda enerji təhlükəsizliyi baxımından hansı riskləri yaradır? Bu hadisə Türkiyə, Rusiya və Ukrayna arasındakı münasibətlərə necə təsir edə bilər?

 

Sfera.az-a bu haqda açıqlama verən politoloq Rəşad Bayramovun sözlərinə görə, adı çəkilən obyektlər Rusiyadan Türkiyəyə və Cənub-Şərqi Avropaya qaz ötürən Türk Axını kəmər sisteminin fəaliyyətində mühüm rol oynayır və belə bir infrastrukturun hədəfə alınması iddiaları regionda enerji təhlükəsizliyi, siyasi münasibətlər və müharibənin enerji sektoruna təsiri baxımından narahatlıqlar doğurur:

 

 

“İlk növbədə, bu cür hadisələr Qara dəniz regionunda enerji təhlükəsizliyi risklərini artırır. Son illərdə Rusiya qazının Avropaya nəql marşrutlarının bir qismi məlum səbəblərlə məhdudlaşıb və ya tamamilə dayanıb. Bu şəraitdə Türkiyə üzərindən keçən qaz marşrutları daha böyük əhəmiyyət qazanıb. Türk Axını kəməri Rusiyadan Türkiyəyə və Balkan ölkələrinə qaz tədarükünün əsas kanallarından biri hesab olunur. Əgər kompressor stansiyalarına ciddi ziyan dəysə və qaz axınında fasilə yaransa, bu, təkcə Türkiyə deyil, həm də Cənub-Şərqi Avropa ölkələri üçün enerji təchizatında qısamüddətli qeyri-müəyyənlik yarada bilər. Belə risklər isə enerji bazarlarında qiymətlərin dalğalanmasına və təchizatın təhlükəsizliyi ilə bağlı narahatlıqların artmasına səbəb olur. Digər tərəfdən, bu hadisə müasir münaqişələrdə enerji infrastrukturunun strateji hədəfə çevrildiyini bir daha göstərir. Rusiyanın Ukraynaya müdaxiləsi başladıqdan sonra həm Ukrayna, həm də Rusiya tərəfi qarşı tərəfin enerji və logistika obyektlərinə zərbələr endirib. Neft bazaları, elektrik stansiyaları və qaz infrastrukturu müharibənin iqtisadi və logistik komponentlərinin zəiflədilməsi məqsədilə istifadə olunan hədəflər sırasında yer alır. Bu baxımdan qaz kompressor stansiyalarının mümkün hücum hədəfi olması enerji infrastrukturlarının artıq yalnız iqtisadi deyil, həm də hərbi-strateji əhəmiyyət daşıdığını göstərir”.

 

Ekspert bu məsələnin Türkiyə ilə Ukrayna arasındakı münasibətlərə də təsir göstərəcəyini bildirib:

 

“Ankara müharibə boyu balanslı siyasət yürütməyə çalışaraq həm Kiyevlə siyasi və hərbi əməkdaşlığı davam etdirib, həm də Moskva ilə iqtisadi və enerji əlaqələrini qoruyub saxlayıb. Türkiyəyə yönəlmiş enerji infrastrukturu ilə bağlı risklərin artması isə Ankaranı bu balansı daha ehtiyatla qorumağa məcbur edə bilər. Bununla belə, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam etdiyini dəfələrlə bəyan edib və bu mövqe yaxın perspektivdə dəyişməyəcək kimi görünür. Ümumilikdə, Türkiyəyə qaz nəql edən infrastruktura mümkün hücum cəhdləri Qara dəniz regionunda enerji təhlükəsizliyinin nə qədər həssas olduğunu göstərir. Bu hadisə enerji marşrutlarının diversifikasiyası, infrastrukturun qorunması və regional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinin vacibliyini bir daha gündəmə gətirir. Müharibə davam etdiyi müddətdə enerji obyektlərinin potensial hədəf olaraq qalması isə region ölkələrini enerji təhlükəsizliyi məsələsinə daha strateji yanaşmağa məcbur edəcək”.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ