Qlobal neft bazarında nələr dəyişəcək? – Ekspert rəyi

Qlobal neft bazarında nələr dəyişəcək? – Ekspert rəyi
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trump bəzi ölkələrə qarşı tətbiq edilən neft ABŞ Prezidenti Donald Tramp bəzi ölkələrə qarşı tətbiq edilən neft sanksiyalarının ləğv edilə biləcəyini, hətta onların bir daha tətbiq olunmayacağını bildirib. Bu açıqlama qlobal enerji bazarında və beynəlxalq iqtisadi münasibətlərdə mümkün dəyişikliklərlə bağlı müzakirələri yenidən gündəmə gətirib.


Belə olduqda sual yaranır: ABŞ-nin bəzi ölkələrə qarşı neft sanksiyalarını ləğv etməsi qlobal neft bazarına və enerji qiymətlərinə necə təsir göstərə bilər? Bu qərar beynəlxalq iqtisadi münasibətlər və enerji siyasəti baxımından hansı nəticələrə səbəb ola bilər?


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva Sfera.az-a açıqlamasında bildirib ki, Hörmüz boğazında gəmi hərəkətinin pozulması ölkələr üçün enerji təchizatı baxımından risklər yaradır.

 

O qeyd edib ki, vəziyyəti nəzərə alaraq, ötən həftə ABŞ-nin maliyyə naziri Skott Bessent qlobal neft təchizatını qorumaq məqsədilə Hindistanın neft emalı zavodlarına Rusiya neftini almağa icazə verən 30 günlük güzəşti açıqlayıb. İqtisadçı ekspert hesab edir ki, ABŞ-nin bəzi ölkələrə qarşı neft sanksiyalarını ləğv etməsi və ya yumşaltması qlobal enerji bazarında bir sıra mühüm iqtisadi və siyasi nəticələrə gətirib çıxara bilər:


“İlk növbədə, bu qərar bazarda neft təklifinin artmasına səbəb ola bilər. Sanksiyalar aradan qaldırılarsa, hazırda məhdudiyyətlərlə üzləşən ölkələr (xüsusilə Rusiya, İran və Venesuela) dünya bazarına daha çox neft çıxaracaq. Bu isə qlobal bazarda təklifin artmasına və nəticədə qiymətlər üzərində aşağıyönlü təzyiqin yaranmasına səbəb olacaq. Bununla yanaşı, vəziyyət bir sıra amillərdən də asılıdır. OPEC və OPEC+ ölkələrinin hasilat siyasəti, qlobal iqtisadi artım tempi və geosiyasi risklər bazarın gələcək dinamikasına ciddi təsir göstərə bilər".

 


Ekspertin fikrincə, sanksiyaların yumşaldılmasının OPEC+ daxilində də müəyyən dəyişikliklər yaratma ehtimalı mövcuddur:


“Məsələn, İran və digər ölkələr bazara daha çox neft çıxardığı halda, qiymət sabitliyini qorumaq məqsədilə Səudiyyə Ərəbistanı və digər istehsalçılar hasilatı azaltmaq qərarı verə bilərlər. Bu isə təşkilat daxilində hasilat kvotalarının yenidən müzakirəsinə səbəb olacaq. Digər tərəfdən, sanksiyaların yumşaldılmasının beynəlxalq iqtisadi münasibətlərə də təsir göstərəcəyi yəqindir. Bu addım bəzi ölkələrin qlobal iqtisadi sistemə yenidən inteqrasiyasına şərait yarada, yeni enerji müqavilələrinin və ticarət əlaqələrinin formalaşmasına səbəb ola bilər. Enerji siyasəti baxımından isə belə bir qərar bir sıra regionlarda enerji balansını dəyişdirə bilər; Avropa və Asiya ölkələri enerji mənbələrini daha çox şaxələndirmək imkanı əldə edəcək, eyni zamanda ABŞ-nin enerji siyasətində də müəyyən strateji dəyişikliklər baş verəcək”.


R.Abdullayevanın fikrincə, sanksiyaların ləğvinin regionlarda geosiyasi balansın dəyişməsinə də təsir etmək ehtimalı var. Xüsusilə Yaxın Şərqdə rəqabət güclənə və sanksiyalardan çıxan ölkələr iqtisadi imkanlarını daha da genişləndirə bilərlər.

 

Niyaz Hacıyev
Sfera.az

 

PAYLAŞ