Neft bazarında "İran gərginliyi" - Qiymətlər nə qədər artacaq?

Neft bazarında "İran gərginliyi" - Qiymətlər nə qədər artacaq?
Kateqoriya məlum deyil
T

İran ətrafında alovlanan müharibə qlobal enerji bazarlarında ciddi dalğalanmalara səbəb olub. Hazırda dünya bazarında “Brent” markalı neftin qiyməti 84-85 dollar səviyyəsində ticarət olunur. Hürmüz boğazında gəmilərin hərəkətinin çətinləşməsi isə qiymətlərin daha da yüksələcəyi ilə bağlı proqnozları artırıb.


Bəs Hürmüz boğazının tamamilə bağlanması ehtimalı qiymətləri hansı həddə çatdıra bilər?


Sfera.az-a mövzu ilə bağlı açıqlama verən tanınmış energetika eksperti, iqtisadçı İlham Şaban bildirib ki, hazırkı artım tendensiyası müvəqqəti xarakter daşıyır:


“Dünya bazarında neftin qiymətinin 85 dollar ətrafında ticarət olunması birbaşa İran ətrafındakı hərbi gərginliyin təzahürüdür. Belə fövqəladə hallarda investorlar və enerji bazarı iştirakçıları riskləri sığortalamaq üçün qiymətlərə əlavə 'risk mükafatı' daxil edirlər. Bu isə qısa müddət ərzində süni bahalaşmaya səbəb olur”.

 

 

Ekspertin sözlərinə görə, müharibə dayandıqdan və regionda təhlükəsizlik riskləri azaldıqdan sonra bazar tədricən öz təbii balansına qayıdacaq:


“Təcrübə göstərir ki, hərbi gərginliklərin qlobal enerji bazarına təsiri çox vaxt uzunmüddətli olmur. Məsələn, ötən il cəmi 12 gün davam edən münaqişə dövründə də oxşar artım müşahidə edilmişdi. Lakin gərginlik səngiyən kimi bazardakı panika azaldı və qiymətlər əvvəlki məcrasına qayıtdı. Hazırkı vəziyyətdə də eyni ssenari gözləniləndir. Əgər müharibə uzanmasa və enerji infrastrukturuna ciddi zərər dəyməzsə, bazar iştirakçıları daha rasional davranmağa başlayacaqlar. Təbii ki, bazarların özünü tam bərpa etməsi bir qədər vaxt tələb edə bilər, lakin iqtisadi məntiq göstərir ki, risk faktorları aradan qalxdıqca qiymətlər yenidən sabitləşəcək”.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ