Putin Avropanın qazını kəsəcək - Növbəti bahalaşma olacaq

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya hökumətinə Avropa bazarına qaz tədarükünün dayandırılması məsələsini nəzərdən keçirməyi tapşırmağı planlaşdırır. Putinin sözlərinə görə, Avropa ölkələri bir ay sonra Rusiya qazının, o cümlədən mayeləşdirilmiş qazın alınmasına məhdudiyyətlər tətbiq etməyi planlaşdırır, bir ildən sonra isə daha sərt məhdudiyyətlər və hətta tam qadağa gündəmdədir.
Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Sfera.az-a açıqlamasında Rusiyanın Avropaya mavi qaz ixracatında kəskin azalmaların müşahidə olunduğunu deyib:
“Çünki 2022-ci ildən sonra Avropa mavi qaz idxalını şaxələndirməyə və Rusiyadan asılılığı azaltmağa çalışdı. Hazırda Rusiyanın Avropanın mavi qaz bazarındakı payı əvvəlki illərdə olduğu kimi yüksək deyil. Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl Rusiyanın Avropa bazarındakı payı 42 faiz idi. Bu rəqəm sonrakı illərdə kəskin şəkildə aşağı düşdü. Amma təbii ki, Avropa İttifaqı müxtəlif tədbirlərdən istifadə etməklə digər mənbələrdən mavi qaz idxalını artırıb və artırmağa da çalışır”.

V.Bayramov əlavə edib ki, hazırda Azərbaycan Avropanın mavi qaz idxalında ilk beşlikdə yer alır:
“Mavi qazın qiymətinə isə həm təklif amili, həm də mövsümi faktorlar təsir göstərir. Artıq mövsümi faktorlar mavi qazın qiymətində kəskin artımı stimullaşdırmır. Ona görə də indiki halda gözlənti ondan ibarətdir ki, mavi qazın qiymətindəki dəyişikliklər Rusiyanın Avropa ilə əməkdaşlığına xüsusi təsir göstərməyəcək. Çünki Rusiyanın Avropa bazarındakı payı yüksək deyil və eyni zamanda mövsümi faktorlar da nəzərə alınır. Buna görə hələlik Avropa bazarında kəskin qiymət artımının olacağı proqnozlaşdırılmır. Amma sözsüz ki, geosiyasi faktorlar mavi qazın qiymətinə təsir göstərə bilər. Lakin hazırda bu təsirlər çox aktiv hesab olunmur”.
Fidan Hacızadə
Sfera.az
