Səhmlər ucuzlaşır - Qlobal iqtisadi böhran riski var

Səhmlər ucuzlaşır - Qlobal iqtisadi böhran riski var
Kateqoriya məlum deyil
T

Asiya birjalarında enerji və nəqliyyat sektorunda fəaliyyət göstərən şirkətlərin səhmləri ucuzlaşıb. Hazırda ABŞ-İsrail-İran münaqişəsi dünya ölkələrinin iqtisadiyyatına da öz təsirini göstərir. Ən böyük eniş Koreya Birjasında müşahidə olunub. Cənubi Koreya bazarı səhər sessiyasının bağlanışında təxminən 5 faiz azalıb.


Yaponiyada da mənfi dinamika qeydə alınıb. Nikkei 225 indeksi təxminən 2,3 faiz geriləyib.


Çin bazarlarında isə daha məhdud azalma müşahidə edilib. Bazar ertəsi günü təxminən 2 faiz eniş qeydə alınsa da, çərşənbə axşamı Honkonq Birjası və Şanxay Birjasında itkilər yarım faizdən bir qədər aşağı olub.


Bəs müharibə uzanarsa qlobal iqtisadi böhran riski varmı? Səhmlər daha da ucuzlaşa bilərmi? 


Sfera.az-a bu haqda açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə əsasən, müharibənin davam etməsi qlobal iqtisadi qeyri-müəyyənliyi artırır və investorların riskdən qaçma davranışını gücləndirir:

 


“Bu, maliyyə bazarlarında daha geniş enişlərə səbəb ola bilər, xüsusilə enerji və nəqliyyat kimi birbaşa təsirə məruz qalan sektorlarda. Əgər konflikt uzun müddət davam edərsə, ticarət axınları pozula, enerji qiymətləri dalğalanar və qlobal tələbdə zəifləmə baş verə bilər ki, bu da iqtisadi böhranın riskini yüksəldir. Səhmlərin daha da ucuzlaşması mümkündür, çünki investorlar gələcək gəlirləri proqnozlaşdırmaqda çətinlik çəkir və riskləri qiymətləndirirlər. Lakin bazarların reaksiya sürəti, hökumətlərin maliyyə siyasəti və strateji ehtiyatlar bu təsiri müəyyən qədər yumşalda bilər”. 


İqtisadçı Asif İbrahimovun fikirlərinə əsasən isə müharibə davam etdiyi müddətcə səhmlər ucuzlaşacaq, çünki bazar müharibəyə emosional reaksiya verir:

 


“Amma məsələnin Azərbaycan üçün başqa tərəfi də var. Əgər enerji qiymətləri yüksəlsə, bu, bizim üçün əlavə gəlir deməkdir. Neft və qaz ixrac edən ölkə kimi büdcə daxilolmaları arta bilər. Dövlət Neft Fondu və büdcə gəlirləri baxımından bu, müəyyən üstünlük yarada bilər. Digər tərəfdən, tranzit və logistika marşrutlarının əhəmiyyəti artdıqca Azərbaycanın coğrafi mövqeyi daha ön plana çıxır. Orta Dəhliz üzərindən yükdaşımalar arta bilər ki, bu da qeyri-neft sektoruna müsbət təsir edər. Yəni qlobal risklər artır, amma Azərbaycan üçün həm risk, həm də fürsət pəncərəsi yaranır. Əsas məsələ bu fürsətləri düzgün idarə etməkdir”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ