Müharibə nefti istənilən halda bahalaşdıracaq - EKSPERT

ABŞ ilə İran arasındakı münasibətlərdə gərginlik qalmaqdadır. Artıq əksər analitiklər və siyasətçilər müharibə ehtimalının yüksək olduğunu vurğulayırlar. Bu çərçivədə bir çox ölkəni narahat edən əsas məsələ neft daşımalarında yaranacaq risklərdir.
Maraqlıdır, müharibə baş verərsə və Hörmüz boğazı bağlanmasa, neft qiymətləri hansı həddə qədər qalxa bilər? İrandan neft idxalının dayanmasını Venesuela və digər ixracatçı ölkələr kompensasiya edə biləcəkmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, Hörmüz boğazı bağlanacağı təqdirdə neft qiymətlərinin 100–120 dollar səviyyəsinə qədər yüksəlməsi mümkündür.
Onun qənaətincə, müharibə zamanı boğaz bağlanmasa belə, neft yenə də bahalaşacaq. Lakin iqtisadçı bu halda artımın kəskin olmayacağına əmindir:

“Genişmiqyaslı müharibə baş verərsə, amma boğaz bağlanmasa, qiymətlər indiki göstəricilərlə müqayisədə təxminən 20 faiz artaraq 80 dollar və daha yuxarı səviyyəyə çata bilər. Ümumilikdə isə qiymət dinamikası birbaşa müharibənin gedişatından və müddətindən asılı olacaq. İranın neft ixracına gəldikdə, müxtəlif mənbələr gündəlik 1.5–2 milyon barel arası neft satıldığını göstərir. Dəqiq statistika mövcud deyil, çünki ixracın bir hissəsi gizli kanallarla həyata keçirilir. Bununla belə, hazırkı qlobal neft hasilatı İranın bazardan tam çıxması halında belə, bu həcmi kompensasiya etməyə imkan verir. Bu baxımdan, təkcə İranın ixracının dayanması bazar üçün həlledici faktor sayılmır. Eyni yanaşma Venesuela və ya digər ayrı-ayrı ixracatçılar üçün də keçərlidir”.
İqtisadçı əsas riskin məhz Hörmüz boğazı ilə bağlı olduğunu vurğulayıb:
“Müxtəlif qiymətləndirmələrə görə, dünya üzrə neft ixracının təxminən 20–22 faizi məhz bu strateji boğazdan keçir. Bu marşrutun alternativi praktik olaraq yoxdur və onun bağlanması qlobal bazarda ciddi təchizat şoku yarada bilər. Bu səbəbdən də Hörmüz boğazının bağlanması neft qiymətlərində kəskin və sürətli artıma gətirib çıxarar. Əgər müharibə qısamüddətli olarsa, qiymətlər ilkin mərhələdə sürətlə yüksələ, lakin risklər azaldıqca yenidən eniş göstərə bilər. Bazarın reaksiyası daha çox hərbi-siyasi proseslərin intensivliyi və davametmə müddətindən asılı olacaq”.
Fidan Hacızadə
Sfera.az
