Ermənistandan nə vaxt mal alacağıq? – Deputatdan AÇIQLAMA

Azərbaycan artıq iki aydır ki, Ermənistana mal ixracı həyata keçirir. Gömrük məlumatlarına əsasən, 2026-cı ilin yanvar ayında ixracın həcmi daha da artıb. Azərbaycandan Ermənistana ixrac olsa da, qarşı tərəfdən hər hansı mal idxalı həyata keçirilmir.
Bu nə ilə bağlıdır? Biz hansı məhsulları daha tez ala bilərik?
Sfera.az-a bu haqda açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib ki, Azərbaycanın Ermənistana ixrac etdiyi əsas məhsullardan biri enerji məhsullarıdır:

“Bu, xüsusilə benzindir. Azərbaycan enerji məhsullarını ixrac edən ölkədir, Ermənistan isə bu məhsulların idxalçısıdır. Buna görə də Azərbaycandan Ermənistana yanacaq ixracı tezliklə mümkün oldu".
V. Bayramov qeyd edib ki, tədricən digər malların da ticarəti mümkün olacaq. Onun fikrincə, bu mərhələdə artıq Ermənistan da Azərbaycana mal satacaq:
“İqtisadi qiymətləndirmələr göstərir ki, 38 məhsul üzrə Azərbaycanla Ermənistan arasında idxal və ixracın həyata keçirilməsi mümkündür. Qeyd edilən məhsullar üzrə ticarətin baş verməsi üçün sülh müqaviləsi çox önəmlidir. Çünki sülh müqaviləsi ölkələr arasında birbaşa diplomatik münasibətlərin yaranmasına və genişlənməsinə şərait yarada bilər. Eyni zamanda, iqtisadi sahədə tənzimləmələrin həyata keçirilməsinə də dəstək verə bilər. Gözlənilir ki, sülh müqaviləsi bağlandıqdan sonra iki ölkə arasında ticarət dövriyyəsində, eləcə də idxal-ixrac əməliyyatlarında artım müşahidə olunacaq. Hər halda, hansı məhsulların ixrac ediləcəyi və hansılarının idxal olunacağına iş adamları öz maliyyə qiymətləndirmələri əsasında qərar verəcəklər”.
Fidan Hacızadə
Sfera.az
