İKT ixracında inqilabi hədəf: Satış 10 dəfə artırılacaq

Azərbaycan informasiya və kommunikasiya texnologiyaları (İKT) məhsullarının ixrac dəyərini azı 10 dəfə artırmağı hədəfləyir. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.
Nazirin sözlərinə görə, əsas məqsəd yerli İKT məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artırmaq və Azərbaycanın qlobal rəqəmsal dəyər zəncirində mövqeyini gücləndirməkdir.
Bəs görəsən, bu hədəfə çatmaq üçün hansı konkret strategiyalar və texnoloji həllər nəzərdə tutula bilər?
İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov Sfera.az-a açıqlamasında bildirib ki, İKT məhsullarının ixrac dəyərini 10 dəfə artırmaq hədəfi ölkənin texnoloji ekosistemini sadəcə xidmət istehlakçısından yüksək dəyərli intellektual mülkiyyət istehsalçısına çevirməyi nəzərdə tutur:

“Bu məqsədlə əsas texnoloji fokus Azərbaycanın uğurlu rəqəmsal dövlət həllərinin (GovTech) və maliyyə texnologiyalarının (FinTech) proqram paketi şəklində xarici bazarlara çıxarılmasına yönəldilir. Eyni zamanda, neft-qaz, logistika və kənd təsərrüfatı kimi sahələrdə süni intellekt əsaslı spesifik həllərin yaradılması yerli startapların qlobal bazarda rəqabətədavamlı məhsul ixracatçısına çevrilməsi üçün həlledici rol oynayır”.
Mütəxəssisin sözlərinə görə, strateji müstəvidə isə kadr potensialının sürətli hazırlığı və "Rəqəmsal İpək Yolu" vasitəsilə ölkənin regional data qovşağına çevrilməsi əsas prioritetlərdir:
“Texnopark rezidentlərinə verilən vergi güzəştləri və investisiya təşviqləri həm yerli şirkətlərin genişlənməsinə, həm də xarici texnoloji nəhənglərin regional mərkəzlərini burada qurmasına zəmin yaradır. Beynəlxalq sertifikasiya proseslərinin sadələşdirilməsi və yerli İKT məhsullarının qlobal standartlara uyğunlaşdırılması Azərbaycanın rəqəmsal məhsullarının dünya bazarında etibarlı və əlçatan olmasını təmin edən əsas mexanizmdir”.
Niyaz Hacıyev,
Sfera.az
