Azərbaycan–ABŞ əməkdaşlığı genişləndirir: Gələcəyin texnologiyası Bakıda

Azərbaycanla ABŞ arasında süni intellekt sahəsində əməkdaşlıq imkanlarının müzakirə olunması qlobal texnoloji rəqabətin sürətlə dərinləşdiyi bir dövrə təsadüf edir. Rəqəmsal transformasiya, data iqtisadiyyatı və süni intellekt texnologiyaları artıq təkcə innovasiya və biznes sahəsi deyil, eyni zamanda ölkələrin strateji gücünü və beynəlxalq mövqeyini müəyyən edən əsas amillərdən birinə çevrilib. Bu baxımdan, Azərbaycanın ABŞ kimi qabaqcıl texnoloji ekosistemə malik bir ölkə ilə dialoqa başlaması ölkənin rəqəmsal inkişaf strategiyası və regional texnologiya mərkəzinə çevrilmək ambisiyaları kontekstində xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi ilə görüşü də məhz bu strateji çərçivədə qiymətləndirilir.
Bu kontekstdə sual yaranır: Azərbaycanla ABŞ arasında süni intellekt sahəsində mümkün əməkdaşlıq hansı üstünlükləri yarada bilər? Qlobal süni intellekt rəqabətinin gücləndiyi bir dövrdə Azərbaycan–ABŞ əməkdaşlığı ölkənin beynəlxalq texnoloji mövqeyinə necə təsir göstərə bilər?
Süni intellekt mütəxəssisi Ümid Salay Sfera.az-a açıqlamasında bildirib ki, bu cür əməkdaşlıq təkcə texnoloji deyil, eyni zamanda strateji və geosiyasi üstünlüklər yarada bilər. Onun sözlərinə görə, Azərbaycan–ABŞ arasında süni intellekt sahəsində mümkün əməkdaşlıq üç əsas istiqamətdə ciddi dəyər formalaşdırır:

“Birinci istiqamət texnologiya və bilik transferidir. ABŞ-nin süni intellekt ekosistemi qlobal miqyasda aparıcı mövqedədir və bu əməkdaşlıq Azərbaycan üçün yalnız hazır texnologiyaların tətbiqi deyil, həm də AI düşüncə mədəniyyətinin, məhsul yanaşmasının və idarəetmə modellərinin ölkəyə daxil olması deməkdir. Bu isə yerli mütəxəssislərin, startapların və dövlət qurumlarının daha sürətli və sistemli inkişafına zəmin yarada bilər. Eyni zamanda ABŞ ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq etibarını gücləndirərək onu texnologiyanı sadəcə istehlak edən ölkə statusundan çıxarıb regional texnoloji tərəfdaş mövqeyinə yaxınlaşdıra bilər ki, bu da rəqəmsal transformasiya gündəminin qlobal səviyyədə daha ciddi qəbul olunmasına və xarici investorlar üçün əlavə etimadın formalaşmasına səbəb olar”.
Mütəxəssis əlavə edib ki, ikinci əsas blok təhlükəsizlik, etik çərçivələr və geosiyasi balans məsələlərini əhatə edir:
“Süni intellekt artıq təkcə innovasiya aləti deyil, milli təhlükəsizlik, məlumatların qorunması və etik idarəetmə baxımından strateji əhəmiyyət daşıyan sahəyə çevrilib. ABŞ ilə əməkdaşlıq bu istiqamətdə qabaqcıl standartların, risklərin idarə olunması mexanizmlərinin və məsuliyyətli AI modellərinin Azərbaycanda tətbiqinə imkan verə bilər. Qlobal rəqabət kontekstində bu yanaşma Azərbaycanın texnoloji neytrallıq və balanslı tərəfdaşlıq siyasətini gücləndirərək ölkəni yalnız bir texnoloji blokdan asılı vəziyyətə salmadan, müxtəlif mərkəzlərlə əməkdaşlıq edən açıq və çevik AI strategiyasına malik aktora çevirər. Uzunmüddətli perspektivdə isə bu, Azərbaycanın regional rəqəmsal hub kimi mövqeyinin möhkəmlənməsinə xidmət edər”.
Niyaz Hacıyev
Sfera.az
