Lamine Yamal uğurunun sirrini açıqladı

Dünya futbolunun parlayan ulduzlarından olan “Barselona”nın və İspaniya millisinin gənc futbolçusu Lamine Yamal qazandığı uğurların arxasında anasının fədakarlığının dayandığını bildirib.
Sfera.az xəbər verir ki, cəmi 19 yaşında dünya futbolunun ən parlaq simalarından birinə çevrilən Yamal uğurunun sirrindən danışarkən uşaqlıq illərində yaşadığı çətinlikləri və anası Şeila Ebananın onun üçün etdiklərini xatırlayıb.
İspan futbolçu bildirib ki, Kataloniyanın Mataro şəhərinin Rokafonda məhəlləsində böyüsə də, uşaqlığı heç də asan keçməyib. Buna baxmayaraq, anası onu bütün çətinliklərdən qorumağa çalışıb və həyata həmişə müsbət baxmasına kömək edib.
DAZN platformasına müsahibəsində Yamal bu sözləri deyib:
“Uşaqlığımla bağlı gözəl xatirələrim var. Dünyanın ən ideal uşaqlığını yaşamamışam. Amma anam mənə heç vaxt pis tərəfləri göstərməyib. Hər zaman hər şeyi gözəl görməyim üçün əlindən gələni edib”.
Gənc futbolçu anasına hər zaman minnətdar olduğunu vurğulayaraq bildirib ki, o, bütün maddi və şəxsi çətinliklərə baxmayaraq övladını mənfi təsirlərdən uzaq saxlamağı bacarıb.
Yamal həyatında ən vacib insanın anası olduğunu qeyd edib və onu “ilk böyük sevgisi” adlandırıb.
Məşhurluq və böyük diqqətə baxmayaraq, futbolçu ailəsinin onun üçün ən böyük dayaq olduğunu bildirib. O, kiçik qardaşı və nənəsi Fatima ilə möhkəm bağlarının olduğunu da vurğulayıb. Yamalın sözlərinə görə, nənəsi ona hər zaman qara rəngli geyimlərdən uzaq durmağı, daim gülümsəməyi və valideynlərinə yaxşı baxmağı tövsiyə edib.
Qeyd edək ki, cəmi 19 yaşında olmasına baxmayaraq, Lamine Yamal “Barselona”nın heyətində artıq 150 oyuna çıxıb, İspaniya millisi ilə böyük uğurlar qazanıb və hazırda 2026-cı il dünya çempionatının finalına hazırlaşır.
Bəsti Rəfizadə
