2026-cı il dünya çempionu kim olacaq? – PROQNOZ

2026-cı il dünya çempionu kim olacaq? – PROQNOZ
Kateqoriya məlum deyil
T

2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə Dünya Çempionatının qalibi ilə bağlı proqnozlar artıq futbol ictimaiyyətinin əsas müzakirə mövzularından birinə çevrilib. Turnir davam etdikcə müxtəlif analitik mərkəzlər, bukmeyker şirkətləri çempionluğa ən yaxın komandalar barədə ehtimallarını yeniləyirlər.

Sfera.az xəbər verir ki, beynəlxalq idman analitiklərinin son hesablamalarına əsasən, Fransa millisi hazırda dünya çempionluğu uğrunda yarışın əsas favoriti hesab olunur.

Mütəxəssislərin fikrincə, komandanın heyətinin zənginliyi, bütün mövqelərdə yüksək səviyyəli futbolçulara sahib olması və son illərdə beynəlxalq turnirlərdə nümayiş etdirdiyi sabit oyun Fransa millisini digər rəqiblərdən bir qədər önə çıxarır.

Proqnozlarda İspaniya millisi də ilk sıralarda qərarlaşıb. Gənc və texnikalı futbolçulardan qurulan heyət, topa nəzarətə əsaslanan oyun sistemi və son illərdə əldə olunan uğurlu nəticələr İspaniyanın çempionluq şansını artıran əsas amillər kimi göstərilir.

Son dünya çempionu Argentina da favoritlər sırasında yer almaqda davam edir. Analitiklər hesab edirlər ki, təcrübəli futbolçularla yeni nəslin uğurlu sintezi Argentina millisinin ən böyük üstünlüyüdür. Komandanın böyük turnirlərdə qazandığı təcrübə də onun əsas üstünlüklərindən biri hesab olunur.

İngiltərə millisi də proqnozlarda ilk dördlükdə qərarlaşıb. Zəngin heyəti və son illərdə böyük turnirlərdə ardıcıl uğurlu çıxışları ingilisləri əsas iddiaçılar sırasına daxil edir. Bununla yanaşı, Portuqaliya, Norveç və Mərzkeş də kubok uğrunda mübarizə aparacaq güclü komandalar kimi qiymətləndirilib.

Lakin onu da unutmayaq ki, Dünya Çempionatı tarixən gözlənilməz nəticələri ilə seçilib. Son mundiallarda Mərakeşin yarımfinala yüksəlməsi, Xorvatiyanın finala çıxması kimi sürprizlər göstərir ki, statistik modellər və süni intellekt proqnozları yalnız ehtimalları əks etdirir. Meydandakı nəticələr isə futbolçuların forması, zədələr, taktiki qərarlar və psixoloji amillərdən asılı olaraq tamamilə fərqli ola bilər.

Məhz buna görə də mütəxəssislər hesab edirlər ki, Fransa hazırda əsas favorit sayılsa da, İspaniya, Argentina, İngiltərə və Portuqaliya kimi komandaların hər biri 2026-cı il Dünya Çempionatının kubokunu qazanmaq potensialına malikdir.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ