Portuqaliya 1/8-ə yüksəldi

Portuqaliya 1/8-ə yüksəldi
Kateqoriya məlum deyil
T

Portuqaliya millisi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Xorvatiya yığmasını məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Sfera.az xəbər verir ki, Kanadanın Toronto şəhərində keçirilən görüş Portuqaliya millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində qolları Kriştianu Ronaldu 68-ci dəqiqədə penaltidən və Qonsalu Ramuş 90+4-cü dəqiqədə vurublar. Xorvatiya millisinin yeganə qoluna isə İvan Perişiç 53-cü dəqiqədə imza atıb.

Bu qol Kriştianu Ronaldunun dünya çempionatlarının pley-off mərhələlərində vurduğu ilk qol kimi tarixə düşüb.

Start heyətində meydana çıxan portuqaliyalı hücumçu 81-ci dəqiqədə əvəzlənib. O, mundiallarda keçirdiyi oyunların sayını 26-ya çatdıraraq almaniyalı Lotar Matteusu geridə qoyub və bu göstəricidə ikinci pilləyə yüksəlib. Rekord isə 29 oyunla argentinalı Lionel Messiyə məxsusdur.

Bundan əlavə, 41 yaş 147 günlük Ronaldu dünya çempionatlarının pley-off mərhələsində meydana çıxan ən yaşlı futbolçu rekordunu da yeniləyib.

Portuqaliya millisi 1/8 finalda Avstriyanı 3:0 hesabı ilə məğlub edən İspaniya yığması ilə qarşılaşacaq. Oyun iyulun 6-da ABŞ-nin Texas ştatının Arlinqton şəhərində keçiriləcək.

PAYLAŞ