Con Stounz klubdan ayrılır – 10 illik dövr başa çatır

İngiltərənin “Mançester Siti” klubu müdafiəçi Con Stounzla yollarını ayırır.
Sfera.az xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, 31 yaşlı futbolçu 10 il komandada çıxış etdikdən sonra “şəhərlilər”dən ayrılacaq.
Onun karyerasını hansı komandada davam etdirəcəyi hələlik açıqlanmayıb.
Stounz 2016-cı ildə “Mançester Siti”yə transfer olunub. O, klubun heyətində 293 oyunda meydana çıxaraq 19 qol vurub və 9 məhsuldar ötürmə edib. Müdafiəçi komanda ilə 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub, 5 Liqa Kuboku, 2 FA Kuboku və 3 “Community Shield” qazanıb. Bununla yanaşı, o, UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Kubokunun da qalibi adını əldə edib.
Karyerası ərzində Everton və Barnsley komandalarında da çıxış edən Stounz İngiltərə millisinin də əsas oyunçularından biri olub. O, milli komandanın heyətində 87 oyuna çıxaraq 3 qol vurub. Müdafiəçi İngiltərə ilə iki dəfə Avropa çempionatının finalına yüksəlib və UEFA Millətlər Liqasında bürünc medal qazanıb.
Niyaz Hacıyev
Sfera.az
