İstanbul yenidən “Formula 1”ə ev sahibliyi edəcək

Türkiyə Qran Prisi 2027-ci ildən etibarən Formula 1 Dünya Çempionatı təqviminə geri dönəcək.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin açıqlamasında bildirilir ki, Türkiyə Qran Prisi İstanbul trassında ən azı beş il müddətində keçiriləcək:
“Türkiyə Qran Prisinin İstanbul trassına qayıtmasını məmnuniyyətlə elan edirik. Bu qərar 2027-ci ildən başlayaraq ən azı beş il ərzində Formula 1 təqviminin bir hissəsi olacaq. Bu əlamətdar addım Türkiyənin avtoidman tarixində yeni bir səhifə açır və İstanbulu dünya səviyyəli yarışların mədəni zənginliklə birləşdiyi mərkəz kimi təqdim edir”.
Təqdimat mərasimi cümə günü İstanbulda keçirilib. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali, eləcə də Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd bin Süleym iştirak ediblər. Prezident Ərdoğan çıxışında bildirib ki, Türkiyə Qran Prisinin Formula 1 təqviminə qayıtması ölkənin idmana olan marağının və iradəsinin göstəricisidir:
“Ən azı növbəti beş il ərzində İstanbulda keçiriləcək yarışlar şəhərin beynəlxalq nüfuzunu daha da gücləndirəcək və Türkiyənin region üçün sabit və təhlükəsiz məkan olduğunu nümayiş etdirəcək”.
Qeyd edək ki, Türkiyə Qran Prisi 2005-2011-ci illərdə mütəmadi olaraq, daha sonra isə 2020 və 2021-ci illərdə keçirilib. Sonrakı dövrdə İstanbul trassı təqvimdən çıxarılıb və trasın sahibləri ilə idarəçiliyi arasında hüquqi mübahisələr yaşanıb.
Niyaz Hacıyev
Sfera.az
