“Yuventus” bu futbolçu ilə maraqlanır

İtaliyanın “Yuventus” klubu yay transfer pəncərəsi ərəfəsində yarımmüdafiə xəttini gücləndirmək üçün fəaliyyətini davam etdirir.
Sfera.az xəbər verir ki, Turin təmsilçisinin Sassuolo klubunun yarımmüdafiəçisi İsmael Kone ilə yaxından maraqlandığı bildirilir. “Tuttosport” nəşrinin məlumatına görə, “byankonerilər” futbolçunun oyununu canlı izləmək üçün “Mapei” stadionuna skautlar göndərib. Bu maraq klubun baş məşqçisi Luçano Spallettinin yeni transfer tələbləri fonunda daha da aktuallaşıb. 23 yaşlı yarımmüdafiəçi cari mövsümdə stabil çıxışı ilə diqqət çəkir.
O, bütün turnirlərdə 27 oyunda meydana çıxaraq 5 qol vurub və 2100 dəqiqədən çox oynayıb. Kone texniki keyfiyyətləri və universal oyun üslubu ilə yarımmüdafiənin müxtəlif mövqelərində çıxış edə bilir. Futbolçunun çıxışı onun milli komandadakı mövqeyinə də təsir edib. Cessi Marşin rəhbərlik etdiyi Kanada millisində əsas oyunçulardan sayılan Konenin dəyərinin qarşıdakı FIFA Dünya Kuboku ərəfəsində daha da artacağı gözlənilir. Maliyyə baxımından Sassuolo futbolçunu Marsel klubundan təxminən 12 milyon avroya transfer edib.
Hazırda isə klub onun üçün 25–30 milyon avro civarında təklifləri dəyərləndirməyə hazırdır. Yay transfer dövründə rəqabətin artacağı halda bu məbləğin yüksəlməsi istisna edilmir. Qeyd edək ki, İnter və Roma da futbolçu ilə maraqlanan klublar arasındadır. “Yuventus” və “Sassuolo” arasındakı yaxşı münasibətlər isə mümkün transfer üçün əlavə üstünlük kimi qiymətləndirilir. Mövsümün sonu bu transferin taleyində həlledici rol oynaya bilər.
Niyaz Hacıyev
Sfera.az
