İran komandası ABŞ-yə getmək istəmir

İran Futbol Federasiyası milli komandanın 2026-cı il Dünya Kubokundakı oyunlarının ABŞ-dən Meksikaya keçirilməsi ilə bağlı Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) ilə danışıqlar aparır.
Sfera.az xəbər verir ki, bu barədə İranın Meksikadakı səfirliyinə istinadən federasiya prezidenti Mehdi Tac məlumat verib.
O bildirib ki, ABŞ Prezidenti Donald Tramp İran komandasının təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini açıqladığından, milli komanda ABŞ-də oynamaq niyyətində deyil.
“Bu səbəbdən ABŞ-yə getməyəcəyik. Dünya Kuboku oyunlarının Meksikada keçirilməsi üçün FIFA ilə danışıqlar aparırıq”, – deyə Tac qeyd edib.
Martın 11-də İranın idman naziri Əhməd Donyamali milli komandanın Dünya Kubokunda iştirak etməyəcəyini açıqlasa da, martın 16-da Asiya Futbol Konfederasiyasının baş katibi Vindzor Con bu barədə quruma rəsmi bildiriş daxil olmadığını bildirib. Məlumata görə, İran millisinin qrup mərhələsindəki hər üç oyununun ABŞ-də keçirilməsi planlaşdırılır. Komanda Belçika, Misir və Yeni Zelandiya ilə eyni qrupda yer alıb.
Qeyd edək ki, 2026-cı il Dünya Kuboku iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq.
Niyaz Hacıyev
Sfera.az
