Tramp İran futbolçularını alqışladı

ABŞ Prezidenti Donald Tramp İran milli futbol komandasının ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il Dünya Kubokunda iştirakını alqışlayıb. Sfera.az xəbər verir ki, FIFA Prezidenti Canni İnfantino bunu özünün “İnstagram” hesabında açıqlayıb.
İnfantino yazıb:
“Bu axşam ABŞ Prezidenti Donald Trampla qarşıdan gələn Dünya Kubokuna hazırlıqları müzakirə etmək üçün görüşdüm. Həmçinin İrandakı mövcud vəziyyəti də müzakirə etdik. Müzakirə zamanı Tramp İran komandasının turnirdə iştirakını xoş qarşılayacağını təsdiqlədi. İnsanları bir araya gətirmək üçün hamımızın hazırda Dünya Kuboku kimi bir tədbirə ehtiyacı var. Futbolun dünyanı birləşdirdiyini göstərdiyi üçün ABŞ prezidentinə dəstəyinə görə səmimi qəlbdən təşəkkür edirəm”.
2026-cı il Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. G qrupunda Belçika, Misir, İran və Yeni Zelandiya komandaları mübarizə aparacaq.
Niyaz Hacıyev
Sfera.az
