Tramp Avstraliyanı İran Qadınlar Milli Futbol Komandasını qovmamağa çağırdı

ABŞ Prezidenti Donald Tramp Asiya Kubokundakı hadisədən sonra Avstraliya hakimiyyətini İran qadın futbol komandasını deportasiya etməməyə çağırıb. O, idmançıların vətənlərinə qayıtmasının onlar üçün ciddi təhlükə yarada biləcəyini vurğulayıb.
Sfera.az bildirir ki, Tramp Avstraliyanı İranın Qadınlardan ibarət Milli Futbol Komandasının xilas edilməsinə çağırıb. O, özünün “Truth Social” sosial media hesabında idmançıların İrana qayıtmasının onların həyatlarını təhlükəyə ata biləcəyini qeyd edib.
"Avstraliya İranın qadın futbol komandasının zorla İrana qaytarılmasına icazə verməklə dəhşətli bir humanitar səhv edir. Orada onların öldürülməsi ehtimalı var. Bunu etməyin, cənab Baş nazir, onlara sığınacaq verin. Əgər siz bunu etməsəniz, ABŞ onları qəbul edəcək".
Qeyd edək ki, Avstraliyada keçirilən Asiya Kuboku zamanı İranın Ali Lideri Əli Xameneinin ölüm xəbəri yayıldıqda, komandanın məşqçisi Mərziyə Cəfəri:
"Gəlin sadəcə oyuna diqqət yetirək. Düşünmürəm ki, bu məsələni indi müzakirə etməyin yeridir. Komanda qadınlar üçün vacib olan bu turnirə gəlib və düşünürəm ki, növbəti mərhələyə keçməliyik".
İran dövlət televiziyasında aparıcı İranın qadın futbol komandasını Avstraliyada Cənubi Koreyaya qarşı Asiya Kuboku matçından əvvəl oyunçuların dövlət himnini oxumamasına görə onları "müharibə dövrü xainləri" adlandırıb. İran İslam Respublikası Yayımının (IRB) aparıcısı Məhəmməd Rza Şahbazi videoda oyunçuların vətənpərvərlik çatışmazlığı nümayiş etdirdiyini və hərəkətlərinin "şərəfsizliyin zirvəsi" olduğunu bildirib.
"Müharibə zamanı ölkəsinə qarşı addım atan hər kəs daha sərt şəkildə cəzalandırılmalıdır. Qadın futbol komandamızın dövlət himnini oxumaması kimi... bu insanlar daha sərt şəkildə cəzalandırılmalıdır"- deyə Şahbazi bildirib.
Tramp həmçinin Çin hökumətini və Çin Kommunist Partiyasını və onların Avstraliyadakı təsirini tənqid etməsi ilə tanınan avstraliyalı sağçı siyasi fəal Dryu Pavlovun sosial media paylaşımının ekran görüntüsünü paylaşıb.
"Bu, tamamilə dəlilikdir. İran rejiminin yüksək vəzifəli təbliğatçıları bu həftə Avstraliyada keçirilən oyunda dövlət himnini oxumadıqları üçün İran qadın futbol komandasının üzvlərini öldürməklə hədələyiblər"- deyə Dryu Pavlov “X”də qeyd edib.
Onun sözlərinə görə, İran rəsmiləri qadınların qaçmasının qarşısını almaq üçün onları Avstraliyada silahlı keşik altında saxlayıblar. Hətta komanda avtobuslarında SOS siqnalları göndərdikləri də görülüb.
"Avstraliya hökuməti onları xilas etməyi son dəqiqəyə qədər izaholunmaz şəkildə təxirə saldı. Qızlardan beşi qaçaraq sığınacaq istəyib. Qalanları isə sabah evlərinə göndəriləcək və onları təqiblər gözləyir"- deyə fəal əlavə edib.
Aynil
