Messi-Yamal qarşıdurması sual altına düşdü

Dünyanın hər yerində futbol azarkeşləri Lionel Messi ilə Lamine Yamal arasında mümkün qarşıdurmanı səbirsizliklə gözləyir.
Sfera.az xəbər verir ki, Amerika Kuboku və Avropa Çempionatının qalibləri arasında keçiriləcək “Finalissima” matçı böyük maraq doğurur. Lakin İspaniya və Argentina yığmaları arasında martın 27-nə planlaşdırılan “Finalissima” bölgədə artan gərginlik fonunda getdikcə qeyri-müəyyən xarakter alıb. Qarşılaşmanın əvvəlcə Qətərdə, bir neçə yoldaşlıq oyununu da əhatə edən çoxoyunlu beynəlxalq tədbir, Qətər Futbol Festivalı çərçivəsində keçirilməsi nəzərdə tutulurdu.
Ancaq İrana yaxın ölkələrdə münaqişənin kəskinləşməsi və Qətərdə idman yarışlarının dayandırılması ehtimalı tədbirin taleyini ciddi sual altına salıb. İspaniya və Argentina futbol qurumları hazırda matçın planlaşdırıldığı kimi baş tutub-tutulmayacağı ilə bağlı Qətər tərəfinin rəsmi qərarını gözləyir. Qətər tədbirin ev sahibi və əsas maliyyə dəstəkçisi olduğundan, yekun qərarı ölkənin ali rəhbərliyi, o cümlədən Əmir verəcək.
UEFA və CONMEBOL isə vəziyyəti yaxından izləyir və təşkilatçılarla daim əlaqə saxlayır. Müxtəlif ssenarilərin qiymətləndirilməsi üçün yaxın vaxtlarda görüşün keçirilməsi gözlənilir. Qeyd olunur ki, oyunçuların təhlükəsizliyi əsas prioritet olaraq qalır. Qətərlə müqavilələr artıq imzalanıb və matçın bu ölkədə keçirilməməsi halında sığorta mexanizmlərinin işə salınacağı bildirilir. Bununla belə, rəsmilər məkanın dəyişdirilməsi zərurəti yaranacağı təqdirdə alternativ planlar üzərində də işləyirlər. Məlumata görə, Qətər ev sahibliyindən imtina edərsə, artıq bir neçə alternativ stadion nəzərdən keçirilir. Bildirilir ki, belə yüksək səviyyəli oyuna ev sahibliyi edə biləcək məkanların seçimi ilə bağlı hakimiyyət orqanları müxtəlif variantları dəyərləndirəcək.
Niyaz Hacıyev
Sfera.az
