Çempionlar Liqası: 1/8 finalda bu komandalar olacaq

Pley-off mərhələsinin başa çatmasından sonra UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində çıxış edəcək bütün 16 komanda müəyyənləşib.
Sfera.az xəbər verir ki, turnirin ümumi mərhələsində 36 komanda iştirak edib.
İlk səkkiz yeri tutan klublar birbaşa 1/8 finala vəsiqə qazanıblar. 9 – 24-cü yerləri tutan komandalar isə növbəti mərhələyə yüksəlmək üçün pley-off oyunlarında mübarizə aparıblar.
Ümumi mərhələnin nəticələrinə əsasən, İngiltərənin “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” və “Mançester Siti”, Almaniyanın “Bayern Münhen”, İspaniyanın “Barselona” və Portuqaliyanın “Sportinq” komandaları birbaşa 1/8 finala vəsiqə əldə ediblər. Pley-off mərhələsindən isə Fransanın PSJ, İtaliyanın “Atalanta”, İspaniyanın “Real Madrid” və “Atletiko Madrid”, İngiltərənin “Nyukasl Yunayted”, Almaniyanın “Bayer Leverkuzen”, Norveçin “Bodo-Glimt” və Türkiyənin “Qalatasaray” komandaları növbəti mərhələyə vəsiqə qazanıblar.
Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 27-də keçiriləcək. İlk oyunlar 10 – 11 mart, cavab qarşılaşmaları isə 17 – 18 mart tarixlərində baş tutacaq.
Xatırladaq ki, Çempionlar Liqasının son qalibi finalda İtaliyanın “İnter” klubunu 5:0 hesabı ilə məğlub edən PSJ-dir.
Niyaz Hacıyev
Sfera.az
