PSJ-nin ulduzu haqqında pis xəbər: Məhkəmə olacaq

“Le Parisien” qəzetinin məlumatına görə, Mərakeş milli komandasının və “Paris Saint-Germain” (PSJ) klubunun futbolçusu Əşrəf Hakimi təcavüz ittihamı ilə məhkəmə qarşısına çıxacaq.
Sfera.az xəbər verir ki, məhkəmə iclasının tarixi hələ müəyyən edilməyib.
Hakimi özünün “X” sosial media hesabında yayımladığı açıqlamada bildirib:
“Bu gün təcavüz ittihamı məhkəmə üçün kifayət qədər əsas sayılır – hətta mən bunu inkar etsəm və bütün dəlillər bunun saxtakarlıq olduğunu göstərsə belə. Bu, həm günahsız insanlara, həm də əsl qurbanlara qarşı ədalətsizlikdir. Həqiqətin üzə çıxmasına imkan verəcək bu məhkəməni təmkinlə gözləyirəm”.
Nanter prokurorluğu Hakimiyə qarşı 2023-cü ilin mart ayında ittiham irəli sürüb. O, həmin ilin fevral ayında məsələ ilə bağlı polisə müraciət edən 24 yaşlı qadını zorlamaqda ittiham olunur. 2025-ci ilin avqustunda “Le Parisien” qəzeti futbolçunun prokurorluğun tələb etdiyi 15 ilə qədər həbs cəzası ilə üzləşə biləcəyini yazıb.
27 yaşlı müdafiəçi 2021-ci ilin yayından PSJ-də çıxış edir.
O, komanda ilə dörd dəfə Fransa çempionu olub, üç Fransa Superkuboku və iki Fransa Kuboku qazanıb.
Hakimi daha əvvəl İtaliyanın “Inter Milan”, Almaniyanın “Borussia Dortmund” və İspaniyanın “Real Madrid” klublarında çıxış edib. O, karyerası ərzində Çempionlar Liqası, Klublararası Dünya Kuboku, UEFA Superkuboku və İspaniya Superkubokunu qazanıb. “Borussiya” və “İnter”lə isə müvafiq olaraq Almaniya və İtaliya çempionluqlarına yiyələnib.
Qeyd edək ki, Mərakeş milli komandası ilə futbolçu 2022-ci il dünya çempionatında yarımfinala yüksəlib. Hakimi 2024-cü il Olimpiya Oyunlarında bürünc, 2025-ci il Afrika Millətlər Kubokunda isə gümüş medal qazanıb.
Niyaz Hacıyev
Sfera.az
