Yay Olimpiya Oyunlarını ölkəsində keçirməyə qarşı çıxdı

Yay Olimpiya Oyunlarını ölkəsində keçirməyə qarşı çıxdı
Kateqoriya məlum deyil
T

“Der Spiegel” jurnalının yaydığı məlumata görə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer 2036-cı il Yay Olimpiya Oyunlarının ölkədə keçirilməsinə qarşı çıxıb.

 

Sfera.az xəbər verir ki, Ştaynmayer İtaliyada təşkil olunan Qış Olimpiya Oyunlarının açılış mərasimində Almaniyanın rəsmi nümayəndə heyətinə rəhbərlik edib. O, Olimpiya Oyunlarının Almaniyada keçirilməsi ideyasını prinsipcə dəstəkləsə də, 2036-cı ili uyğun tarix hesab etmir. Federal Prezident Aparatının nümayəndəsinin sözlərinə görə, prezident 2036-cı ili tarixi baxımdan problemli sayır və Oyunların 2040 və ya 2044-cü illərdə Almaniyada təşkil olunmasını daha məqsədəuyğun hesab edir.

 

Məsələnin həssaslığı 1936-cı ildə Berlində keçirilmiş Olimpiya Oyunları ilə bağlıdır. Həmin vaxt Nasist Almaniyası və Adolf Hitler rejimi bu beynəlxalq idman tədbirindən geniş təbliğat vasitəsi kimi istifadə etmişdi.

 

Bu səbəbdən bəzi alman siyasətçilər 100 il sonra, 2036-cı ildə yenidən Olimpiadaya ev sahibliyi ideyasına tənqidi yanaşırlar. Hazırda Berlin, Hamburq, Münhen və Reyn-Rur bölgəsi 2036, 2040 və ya 2044-cü illərdə Olimpiya Oyunlarına ev sahibliyi etməyə maraq göstərdiklərini bildiriblər. Almaniya Olimpiya İdman Konfederasiyasının bu ilin oktyabr ayına qədər vahid namizəd şəhəri müəyyənləşdirməsi gözlənilir.

 

Qeyd edək ki, Almaniya indiyədək Yay Olimpiya Oyunlarına iki dəfə ev sahibliyi edib: 1936-cı ildə Berlində və 1972-ci ildə Münhendə. Federal hökumət isə artıq 2040-cı il üçün namizədliyin dəstəkləndiyini açıqlayıb.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ