“Benfika” -“Real Madrid” oyunu ilə bağlı araşdırma başlatdılar

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Portuqaliyanın “Benfika” və İspaniyanın “Real Madrid” komandaları arasında Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda intizam qaydalarının mümkün pozulmasını araşdırmaq üçün etika və intizam üzrə müfəttiş təyin edib.
Sfera.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müfəttiş oyun zamanı baş verə biləcək ayrı-seçkilik xarakterli davranışları araşdıracaq. Qarşılaşma Lissabonda keçirilib və “Real Madrid”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda yeganə qolu vuran “Real Madrid”in hücumçusu Vinisius Cunior qol sevincindən sonra “Benfika” azarkeşlərinə tərəf qaçaraq təxribatçı jestlər edib. Bundan sonra futbolçu hakimə ünvanlanaraq ona qarşı irqi təhqirlərin səsləndirildiyini bildirib. İspaniya mediasının məlumatına görə, “Benfika”nın argentinalı yarımmüdafiəçisi Canluka Prestianni Vinisiusa qarşı irqi ifadələr işlətmiş ola bilər. Hadisədən sonra oyun təxminən 10 dəqiqəlik dayandırılıb.
Oyunun sonunda isə Portuqaliya klubunun bəzi azarkeşləri “Real Madrid” futbolçularına, o cümlədən Vinisiusa doğru şüşə və elektron siqaretlər də daxil olmaqla müxtəlif əşyalar atıblar. Qeyd edək ki, UEFA hadisələrlə bağlı araşdırmanı davam etdirir.
Niyaz Hacıyev
Sfera.az
