Nisyə ərzaq ala bilmədi, mağazanı yandırdı - Şəmkirdə 46 min manatlıq ziyan

Nisyə ərzaq ala bilmədi, mağazanı yandırdı - Şəmkirdə 46 min manatlıq ziyan
Kateqoriya məlum deyil
T

Şəmkir rayonunda nisyə ərzaq ala bilməyən şəxs mağazanı yandırıb.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən ərzaq mağazasında baş verib.

Məlumata görə, şəhər sakini Sabir Əzizov (ad-soyad şərtidir) mağazadan 50 manatlıq ərzaq götürərək, borcu ayın sonunda alacağı müavinətlə ödəyəcəyini bildirib. Lakin ayın sonunda yenidən mağazaya gələn zaman əlavə nisyə ərzaq istəyi rədd edilib.

Bundan əsəbiləşən şəxs mağaza sahibindən qisas almaq qərarına gəlib. O, gecə saatlarında spirtli içki qəbul etdikdən sonra mağazanın qarşısına gəlib, şüşəni sındıraraq içəri daxil olub. Daha sonra vitrindəki spirtli içkiləri yerə tökərək mağazaya od vurub və hadisə yerindən uzaqlaşıb.

Yanğın nəticəsində mağaza və içərisindəki ümumi dəyəri 46 min manat olan məhsullar məhv olub.

Polis əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisəni törədən şəxsin S.Əzizov olduğu müəyyən edilib və o saxlanılıb. Faktla bağlı cinayət işi başlanaraq məhkəməyə göndərilib.

Məhkəmə prosesi zamanı mağaza sahibi ilə təqsirləndirilən şəxs arasında barışıq əldə olunub. Məhkəmə bu halı nəzərə alaraq S.Əzizova 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib, lakin Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesablayıb və ona 1 il sınaq müddəti verib.

PAYLAŞ