Dənizdə boğulma hallarının sirri: FHN vətəndaşlara müraciət etdi

Havanın istiləşməsi ilə dəniz mövsümü qızğın mərhələyə qədəm qoysa da, boğulma xəbərlərinin sayı da diqqətçəkən dərəcədə artıb. Son günlər demək olar ki, hər gün dənizdə baş verən faciəli hadisələr barədə məlumatlar yayılır. Vətəndaşlar isə bu halların əsas səbəblərindən biri kimi nəzarətli çimərliklərin ödənişli olmasını göstərirlər. Onların sözlərinə görə, bir çox insan pul ödəməmək üçün xilasedicilərin olmadığı, çimmək üçün nəzərdə tutulmayan təhlükəli ərazilərə üz tutur ki, bu da boğulma riskini artırır.
Bəs görəsən, dənizdə boğulma hallarının əsas səbəbləri nələrdir? Bu cür faciələrin qarşısını almaq üçün hansı təhlükəsizlik qaydalarına əməl edilməlidir?
Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili azxeber.com-a açıqlamasında bildirib ki, vətəndaşlar çimərlik seçimində diqqətli olmalıdırlar:

"Vətəndaşlar çimərlik seçimində diqqətli olmalıdırlar. Əgər hər hansı çimərlikdə xilasedici yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin təmin olunmadığı anlamına gəlir. Son günlər ölümlə nəticələnən suda boğulma hadisələrinin baş verdiyi ərazilərə nəzər yetirdiyimiz zaman görürük ki, Xəzər dənizində xidmət tərəfindən qeydə alınmış riskli ərazilər sırasında Daçnik, Milqaya və "Şimal QRES” adlanan ərazilər var. Bölgələrdə isə əsas risk suvarma kanalları, çaylar və süni göllərlə bağlıdır. Bu su hövzələri çimərlik məqsədilə nəzərdə tutulmayıb”.
O deyib ki, insanlar yalnız nəzarətsiz çimərliklərdə boğulurlar:
"Təhlillər göstərir ki, insanlar yalnız nəzarətsiz, çimərlik kimi nəzərdə tutulmayan ərazilərdə və su hövzələrində boğulurlar.
Cari ildə çimərlik mövsümündə 13 nəfər olmaqla, ümumilikdə 19 nəfər sulardan xilas edilib. Fövqəladə Hallar Nazirliyinin nəzarətində olan çimərliklərdə isə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb. Bu rəqəmlər göstərir ki, vətəndaşlar xilasedicilərin xidmət göstərdiyi çimərliklərdən istifadə etməlidirlər. Belə olduqda hər hansı boğulma riski yaranarsa, xilasedicilər dərhal müdaxilə edərək vətəndaşı təhlükədən xilas edə bilərlər. Risk qrupuna həmçinin küləkli havada, dalğalı dənizdə suya girənlər, spirtli içki qəbul etdikdən sonra çimənlər və nəzarətsiz qalan uşaqlar daxildir”.
A.Əlili qeyd edib ki, özəl çimərliklərin hamısında xilasedicilər olmur:
"Özəl çimərliklərin hamısında xilasedicilər olmur. Xilasedicinin olmadığı bütün ərazilər nəzarətsiz ərazilər hesab olunur. Hər hansı ərazidə dünya standartlarına uyğun şərait yaradılsa belə, xilasedici yoxdursa, həmin ərazidə suya girmək həm qadağandır, həm də təhlükəlidir. Hazırda kifayət qədər pulsuz və nəzarət olunan çimərliklər fəaliyyət göstərir. IDEA İctimai Birliyi-nin təşəbbüsü ilə yaradılmış 7 çimərlik, eləcə də bir sıra digər çimərliklər nəzarətlidir və vətəndaşların istifadəsi üçün ödənişsizdir”.
O bildirib ki, hansısa çimərliyin ödənişli olması vətəndaşın öz həyatını riskə atmasına əsas vermir:
"Hər hansı çimərliyin ödənişli olması vətəndaşın öz həyatını riskə ataraq qayalıq və ya nəzarətsiz ərazilərdə çimməsinə əsas vermir. Bu, yanlış yanaşmadır. Bəzi vətəndaşlar ödənişli çimərliyə daxil olaraq həmin çimərliyin təqdim etdiyi bütün xidmətlərdən pulsuz yararlanmaq istəyirlər. Bu isə mümkün deyil. Dünyanın heç bir yerində belə bir yanaşma tətbiq edilmir”.
