“Arzum 9999” ləqəbli tiktokerə verilən hökmə məhkəmədən AÇIQLAMA

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə görə məhkum edilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə çıxarılan hökm sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhər Xəzər Rayon Məhkəməsinin media ilə əlaqələrə məsul şəxsi, hakim Ramilə Xəzri açıqlama yayıb.
Bildirilib ki, ittihama əsasən, İlduzə Hacıyeva 27 iyun 2025-ci il saat 00:53 radələrində idarə etdiyi "Changan Qiyuan A05 Plug-in Hibrid" markalı avtomobillə Bakı şəhəri Xəzər rayonu ərazisində, Mərdəkan–Qala avtomobil yolunda hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Qanunun tələblərini pozub. Nəticədə onun avtomobili Amal Məlikovun idarə etdiyi "Mercedes-Benz D2" markalı avtomobilin arxa təkərinə sürtülərək toqquşmaya səbəb olub.
Qəza nəticəsində "Mercedes-Benz" markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb. Hadisə zamanı avtomobildə olan sərnişin Sənubər Muradova ağır bədən xəsarətləri alıb, sürücü Amal Məlikov isə həyatını itirib.
Məhkəmənin məlumatına görə, İlduzə Hacıyeva hadisədən sonra hüquq-mühafizə orqanlarına məlumat vermədən, zərərçəkənlərə yardım göstərmədən hadisə yerini tərk edib. Daha sonra isə istintaqdan yayınmaq məqsədilə Azərbaycanı tərk edərək Almaniyaya gedib.
Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülərək iş məhkəməyə göndərilib.
Məhkəmə araşdırması zamanı təqdim olunan ekspert rəyi ilə müəyyən edilib ki, İlduzə Hacıyeva "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinin tələblərinə əməl etsəydi, qəzanın qarşısını almaq üçün texniki imkana malik olub.
Məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxsə 5 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini istəyib.
Lakin məhkəmə İlduzə Hacıyevanın hadisə yerindən qaçmasını, həlak olan şəxsin hüquqi varisi və ağır xəsarət alan zərərçəkmişlə barışığın əldə olunmamasını, eyni zamanda himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq ona qəti olaraq 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Məhkəmə vurğulayıb ki, hökmdən narazı qalan tərəflər qanunvericiliyə uyğun qaydada apellyasiya şikayəti vermək hüququna malikdir.
Firuzə Əliyeva
