Təyyarədə təhlükəli anlar: Poverbank partladı

Antalyaya uçmağa hazırlaşan sərnişin təyyarəsində baş verən hadisə böyük təşvişə səbəb olub.
Sfera.az xəbər verir ki, Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsus Ufadan Antalyaya uçmalı olan SU-798 reysində sərnişinlər artıq yerlərini tutduqdan sonra salonda yanğın başlayıb.
Hadisənin səbəbi sərnişinlərdən birinə məxsus enerji bankının (powerbank) partlaması olub. Airbus A320 təyyarəsinin salonu qısa müddətdə qalın və zəhərli tüstü ilə dolub, nəticədə sərnişinlərin təxliyəsinə qərar verilib.
Bort bələdçiləri alışan qurğunu söndürərək xüsusi konteynerə yerləşdirib və üzərinə su töküblər. Yanğın nəticəsində bir oturacaq zədələnib, döşəmə örtüyünün bir hissəsi yanıb.
Təyyarədə 156 sərnişin olub. Hadisə zamanı xəsarət alan olmayıb və heç kim tibbi yardıma ehtiyac duymayıb.
Yoxlamadan sonra təyyarənin uçuşa yararlı olduğu müəyyən edilib və reys Antalyaya planlaşdırıldığı vaxtda yola düşüb.
Mütəxəssislərin məlumatına görə, bu, son bir ildən bir qədər artıq müddətdə Rusiya təyyarələrində enerji banklarının səbəb olduğu artıq beşinci yanğın hadisəsidir. Bu səbəbdən aviasiya ekspertləri əl yükündə daşınan elektron qurğuların vəziyyətinə daha ciddi nəzarət edilməsini vacib sayırlar./musavat.com
