Azərbaycan ədəbiyyatına ağır itki

Azərbaycan ədəbiyyatına ağır itki üz verib.
Sfera.az xəbər verir ki, tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirzə Mirimli vəfat edib. Mərhum qaraciyər xəstəliyindən əziyyət çəkirdi.
M.Mirimli 1954-cü ildə Cəbrayıl rayonunun Qovşudlu kəndində doğulub. Gəncə Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib.
Qarabağın işğalından sonra məcburu köçkünlük həyatı yaşayan şair, məskunlaşdığı Biləsuvar ərazisindəki 2 saylı qəsəbədə yerləşən Cəbrayıl rayonu 8 saylı tam orta məkrəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb, tarix fənnindən dərs deyib.
Mirzə Mirimli ömrünü Azərbaycan ədəbiyyatına, poeziyaya və milli-mənəvi dəyərlərin təbliğinə həsr etmiş qələm sahiblərindən idi. Onun poeziyasının mayasında Vətənə məhəbbət, doğma ocağa və yurda intəhasız bağlılıq dayanır. Ata-baba torpağından didərgin düşən şair, yurd həsrətindən doğan acılarını və hisslərini öz misralarına köçürüb.
Mərhum şairin yaradıcılıq nümunələri indiyədək bir çox dövri nəşrlərdə dərc edilib, sevilə-sevilə oxunub. Onun şeirlərinə həmçinin ədəbi ictimaiyyətin diqqətini cəlb edən poeziya almanaxlarında da yer ayrılıb.
“24 günün hünəri”, “Bu sevdanın sonu yoxmuş”, “Köçkün taleli məktəb” və bir sıra başqa kitabların müəllifi idi./modern
